UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”ni son illərdə Estoniya futbolunda adından söz etdirməyi bacaran “Payde” klubu gözləyir. Rəqib zəngin tarixə malik olmasa da, qısa müddətdə sürətli inkişaf yolu keçərək ölkənin aparıcı komandalarından birinə çevrilib. Avropa kuboklarında topladığı təcrübə də göstərir ki, “Zirə”ni heç də asan sınaq gözləmir.

2004-cü ildə yaradılan “Payde Linnameeskond” Estoniyanın Payde şəhərini təmsil edir. Klub fəaliyyətə aşağı liqadan başlayıb və cəmi dörd il ərzində ardıcıl yüksələrək 2009-cu ildə ölkənin yüksək liqasına vəsiqə qazanıb. Həmin vaxtdan bəri komanda Meistriliqanı tərk etməyib və hər mövsüm elitada mübarizə aparıb.

İlk illərdə əsas məqsədi yüksək liqada möhkəmlənmək olan “Payde” zaman keçdikcə inkişaf edərək Estoniyanın güclü kollektivlərindən birinə çevrilib. Komanda 2014/15 mövsümündə ölkə kubokunun finalına yüksəlsə da, həlledici oyunda məğlub olub. Əsl yüksəliş isə Vyaçeslav Zaxovaykonun baş məşqçi olduğu dövrdə başlayıb. Klub peşəkar idarəetmə modelinə keçib, 2020-ci ildə ölkə çempionatının gümüş mükafatını qazanıb və tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib.

“Payde” Avropa arenasında debütünü 2020-ci ildə UEFA Avropa Liqasında edib. Daha sonra UEFA Konfrans Liqasında ilk uğurlu nəticələrini qazanan Estoniya təmsilçisi Gürcüstanın “Dinamo” (Tiflis) və Ermənistanın “Ararat-Armeniya” klublarını penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə yüksəlib. Komandanın həmin mövsümdə Belçikanın “Anderlext” klubu ilə qarşılaşması da Avropa təcrübəsinin artmasına töhfə verib.

Klub tarixinin ilk böyük kubokunu 2022-ci ildə qazanıb. “Payde” Estoniya Kubokunun finalında “Nımme Kalyu”nu əlavə vaxtda vurulan qolla məğlub edərək tarixində ilk titulunu əldə edib. Bir il sonra isə Estoniya Superkubokunu qazanaraq növbəti uğurunu rəsmiləşdirib.

Son illərdə klubun inkişafı yalnız meydandakı nəticələrlə məhdudlaşmayıb. “Payde” Qambiyanın “Real de Banjul” klubu ilə əməkdaşlıq quraraq Afrika futbolçularının Avropaya çıxış platformalarından birinə çevrilib. Vaxtilə İngiltərənin “Liverpul” klubunda çıxış etmiş Estoniya millisinin sabiq kapitanı Raqnar Klavanın komandaya transferi də klub tarixinin ən diqqətçəkən hadisələrindən biri olub. 2025-ci ildə isə Abdulie Cisseyin Almaniyanın “Sankt Pauli” klubuna keçidi Estoniya futbolu üçün tarixi transfer kimi qiymətləndirilir.

“Payde” hazırda ev oyunlarını süni örtüklü stadionunda keçirir. UEFA tələblərinə cavab vermədiyi üçün isə avrokubok matçlarını daha böyük arenalarda oynayır. Klub rəhbərliyi yaxın illərdə 4500 azarkeş tutumuna malik yeni stadion inşa etməyi planlaşdırır ki, bu da komandanın uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir.

Tarixinə görə “Payde” Estoniya futbol tarixinin siması olmasa da, son illərdə göstərdiyi inkişaf və müntəzəm avrokubok çıxışları onun iddialı rəqibə çevrildiyini sübut edir. Məhz buna görə də “Zirə” bu qarşılaşmalara tam hazırlıqlı çıxmalı olacaq. Estoniya təmsilçisi gənc, dinamik və sürətlə inkişaf edən kollektiv təsiri bağışlayır ki, bu da Konfrans Liqasının ikinci təsnifat mərhələsində maraqlı mübarizə vəd edir.

TAHİR MİRZƏ

Shares: