Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – ÇSKA (Sofiya) oyununun biletləri iyulun 18-də saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manat təşkil edəcək.
VIP sektorlar üçün biletlər 50, 75 və 100 manata, VVIP sektorlar üçün isə 150 manata satılacaq. VVIP sektora bilet alan azarkeşlər üçün həmin zonada çay süfrəsi də təşkil olunacaq.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı çətinlik yaranacağı təqdirdə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Klub azarkeşlərə saxta biletlərə aldanmamağı tövsiyə edib. Bildirilib ki, stadiona giriş yalnız etibarlı QR kodu olan biletlərlə mümkün olacaq.
