Qadın velosipedçilərin sinələrini böyüdərək aerodinamik üstünlük əldə etməyə çalışdıqları ilə bağlı şübhələr yaranıb.
Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bildirib ki, çoxgünlük yarışın dördüncü mərhələsi öncəsi idmançıların geyimləri yoxlanılacaq. Qurum bəzi velosipedçilərin xüsusi döşlük əlavələrindən istifadə edərək sinələrini süni şəkildə böyütdüklərini ehtimal edir. UCI qaydalarına əsasən, idman geyimi bədənin morfologiyasını dəyişməməlidir.
Aerodinamika üzrə professor Bert Bloken apardığı araşdırmada müəyyən edib ki, belə əlavələr hava müqavimətini təxminən 3,6% azalda bilər. Bu isə hər kilometrdə ən azı 0,78 saniyə vaxt üstünlüyü qazandırır.
Blokenin sözlərinə görə, bu cür üsul yolverilməzdir. O bildirib ki, söhbət hava axınını dəyişdirən və bud nahiyəsində yaranan təzyiqi azaldan xüsusi “ön aerodinamik örtükdən” gedir. Nəticədə velosipedçi daha az hava müqaviməti ilə üzləşir. Ayrı-ayrı mərhələlərdə üstünlük böyük görünməsə də, 20–30 kilometrlik məsafədə həlledici saniyələr qazandıra bilər.
Bu qaydanı yarış zamanı və ya ondan sonra pozduğu müəyyən edilən velosipedçi dərhal yarışdan kənarlaşdırılacaq və 200–1000 İsveçrə frankı məbləğində cərimələnəcək.
