Dünən “Hilton”da “Səbail” PFK-nın yenilənmiş İdarə Heyətinin təqdimat mərasimi keçirilib. Tədbirdə Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarət yeni rəhbərlik ictimaiyyətə təqdim olunub.

klubun strateji inkişaf planları, 2026/27 mövsümü üçün hədəflər, infrastrukturun yenilənməsi, sosial layihələr və s. barədə ətraflı məlumat verilib. Çıxışçılar bəlağətli sözlər söyləyib.

Məsələn, həm İdarə Heyətini rəhbəri, həm də klubun prezidenti Bayrampur idman nəticələri ilə yanaşı, peşəkar idarəetmə və infrastruktur formalaşdırmağı əsas məqsəd seçdiklərini, Məmmədov modern idarəetmə prinsipləri ilə “Səbail”i daha güclü və dayanıqlı kluba çevirmək niyyətində olduqlarını vurğulayıb. Tədbirə qatılan sponsor şirkətlərin nümayəndələri də əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək ölkə futbolunun inkişafına töhfə vermək istədiklərini diqqətə çatdırıblar.

Bayrampur deyib: “İstəyirik ki, “Səbail”i yüksək səviyyədə inkişaf etdirək. Hədəflərimiz böyükdür. İstəyirik ki, I Liqada mövsümü çempion kimi başa vuraq. Uşaq furboluna da önəm verəcəyik. Xarici nümunələri əsas götürərək bu yola çıxırıq. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq. Tez yüksəlmək hədəfimiz yoxdur. Yavaş-yavaş, amma ən yüksəyə”.

Tədbirə qatılan Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru “Səbail”in Qubanı təmsil edəcəyini açıqlayıb: “Bu komanda sadəcə Quba adı ilə fəaliyyət göstərməyi deyil, həm də bölgədə sevilməyi düşünür. Necə ki, “Kəpəz” Gəncədə, “Turan Tovuz” isə Tovuzda rəğbət qazanıb, “Səbail”in də bölgə futboluna töhfə verəcəyinə əminik”.

L2N6PlbJnEr1PoNa82P3FVSRbWrX81EbVj8eDSKl 1200 - Futbolinfo.az

Paytaxt təmsilçisinin 2026/27 mövsümü üçün nəzərdə tutulan yeni formaları nümayiş olunub. Azərbaycan I Liqasında mübarizə aparacaq komandanın formaları ağ və yaşıl rənglərdən ibarətdir.

Daha sonra “Səbail” heyətə cəlb etdiyi 5 yeni əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb. Bunlar qanalı Peter Aqblevor və Ezekiel Morqan, portuqaliyalı Yan Said və Aldo Josue Qomes Soares, eləcə də braziliyalı Felipe Hulkdur.

***

Yuxarıda yazılanlar tədbir haqqında ümumi məlumat xarakterlidir. Mətbuata olan diqqətsizliyə rəğmən, bu qeydləri çatdırmağı lazım bildik. “Futbolinfo”nun hələ iki ay öncədən verdiyi xəbərin nöqtə-vergülünə kimi təsdiqləndiyi dünənki mərasimlə bağlı məlumatı həm də qubalı azarkeşlərə hörmət əlaməti olaraq paylaşdıq.

Futbola sərmayə qoyan istənlən adamı alqışlayır, “xeyirli olsun” deyirik. Bayrampur və komandasının artıq bir milyon manata yaxın vəsait xərclədiyini də bilirik. Həm də bölgədə futbolun inkişafına çalışan belə iş adamlarına dəstək vermək lazımdır. Amma Mirzə bəyə səriştəsiz olduğu sahədə azıb qalmaması, himayədarlarının pullarını havaya sovurmaması üçün təcrübəmizə əsaslanaraq tövsiyələrmizi çatdırmaq istərdik.

Bayrampur özünə sual verməlidir ki, Bakının ən dəbdəbəli ötellərindən birində təşkil olunan tədbirə mətbuatın gözləniləndən az maraq göstərməsinin səbəbi nədir? Bir çox idman saytında mərasimlə bağlı ya məlumat getməyib, ya da kiçik xəbər paylaşılıb. Elə onun özünün də İdarə Heyətinin sədri, yoxsa prezident olduğu barədə səhih məlumat yoxdur.

Ona görə ki, keçmişi problemlərlə zəngin olan, qalmaqallar məkanına çevrilən sıradan klubun sosial şəbəkə paylaşımı ilə iş görülməz. Elanı görüb tədbirə gedən həmkarlarımıza sözüm yoxdur, amma zənnimizcə, belə tədbirlərə media qurumları xüsusi dəvət almalıdır. Şəxsən bizim “Səbail”in tədbirini işıqlandırmaq kimi borcumuz yoxdur. Zəhmət çəkib sivil qaydada dəvətnamə göndərərdilər, xahiş edərdilər, biz də əməkdaşlarımızı səfərbər edərdik.

Bəlkə də bu, kimlərəsə sərfəli deyil. Məsələn, biz tədbrə qatılsaydıq, Qubada “Səbail” adında klubun necə fəaliyyət göstərəcəyini soruşacaqdıq. Sanki Ağcabədidə “Salyan” komandası peyda olub. Təbii ki, addəyişmə prosesinin getdiyini bilirik. Amma ən azı detalları öyrənəcək, ictimaiyyəti məlumatlandıracaqdıq. O zaman məsələnin niyə bu qədər uzandığı da bəlli olacaqdı. Axı, “Gəncəbasar”a çevrilən “Cəbrayıl”da bu prosesi 5-10 günə tənzimləndiyi halda “Səbail”dəki yubanmanın səbəbi sirrdir.

Tədbirdə Bayrampur Qubada baza tikməyi planlaşdırdıqlarını deyib. Bu təşəbbüsü yalnız alqışlamaq olar. Lakin qarşıdakı mövsümlə bağlı dəqiq heç nə yoxdur. Sitat: “Oyunlarımızı keçirmək üçün Quba Olimpiya İdman Komleksinin stadionuna müraciət etmişik. Müsbət cavab aldıqdan sonra ot örtüyünün dəyişdirilməsi və bir neçə vacib işlərə start veriləcək. Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik”.

Sözlər bir-birini tamamlamır. Əvvəla, müraciət etmək problemin həlli demək deyil. Quba Olimpiya İdman Komleksindən rədd cavabı verilsə, necə olacaq? Komanda yeni mövsümə harada, necə başlayacaq? Razılıq versələr, qısa zamanda ot örtüyü necə dəyişdirilə bilər? Axı, yeni mövsümə sayılı günlər qalıb.

Gələcəkdə Avropa standartlarına cavab verən stadionun olması lə bağlı deyilənlər isə istəkdir, dəqiq plan yoxdur. İdman kompeksində bunu etmək mümkünsüzdür. Harada? Necə? Gəlişigözəl sözlərlə kifayətlənmək olmaz, dəqiq plan, layihə tədim olunmalıdır. Bu olmadıqca Bayrampurun sadəcə bahalı oyuncaq aldığı təəssüratı yaranır.

dttetCUdG2JZeE82sbxVV8lyWbKyazZneIXteXwA 1200 - Futbolinfo.az

Bundan başqa, Piriyevin tədbirdə olması normal görünə bilər, amma bu şəxs deyəsən, vəzifə səlahiyyətlərini aşır və daha çox alverçi/makler kimi ön plana çıxır. FİF-in missiyası klublara sponsorlar tapmaqdır, Tural bəy isə klub alqı-satqısında baş rolda görünür.

Bayrampur diqqətli olmalıdır, Piriyev tezliklə klub üçün başqa xidmətlər də təklif edə bilər. Məsələn, “Turan Tovuz” üçün gətirtdiyi avtobusla bağlı hekayəni hamı bilir. Qərblilər köhnə nəqliyyat vasitəsinə FİF rəhbərinin “məharəti sayəsində” təzəsindən daha çox pul xərcləməli oldu. Onun Tovuzda və Gəncədə təşkil etdiyi ianə kampaniyası fiaskoya uğradı, yığılan vəsaitin 2-3 misli qiymətinə təqdimat üçün sayt yığdırdıqları aydınlaşdı. İanə kampanyasından öncə verilən vədlərin heç birini yerinə yetirə bilmədilər.

Ümumiyyətlə, “Səbail”in arxivi araşdırılmalı, klubun problemlərinə diqqət edilməlidir. Piriyev cəzalı “Turan Tovuz”u Ehtiram Qulyevə “sırıyan” adamdır. Qərblilərin avrokubokda iştirakla bağlı yaşadığı talesizlik sabah qubalı iş adamlarının da başına gələ bilər. İndidən diqqətli olsunlar, sabah Piriyevə heç nəyi sübut edə bilməyəcəklər, faizini götürüb aradan çıxacaq.

Suallar çoxdur, dost-tanışı İdarə Heyətinə yığıb “Hilton”da görüntü yaratmaq hələ heç nə demək deyil. Qubanın “Səbail”i ciddi imicə bürünmək istəyirsə, daha peşəkar davranmalıdır.

VÜSAL MAHMUDOV

Shares: