“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidubun “Neftçi TV”yə geniş müsahibəsini təqdim edirik.
“Ağ-qaralar”ın yay hazırlığı
“Lap əvvəldən başlayaq. Komanda iyunun 20-də “Neftçi”nin Bakıda yerləşən təlim-məşq bazasında bir araya gəldi. Biz Bakıda 8 günlük hazırlıq mərhələsinə başladıq. Asan deyildi, amma bu. bütün komanda üçün möhkəm təməl yaratmaq məqsədi daşıyırdı. Futbolçuların çox da bəyənmədiyi ağır və xoşagəlməz iş idi. Onlar da bunu başa düşürdülər. Onlarla bu barədə danışmışdım. İlk 1-2 gün ərzində gündə bir dəfə məşqə çıxırdıq, daha sonra isə gündə iki məşqə – gündüz və axşam hazırlığına keçdik. Bu toplanışın sonunda öz aramızda ikitərəfli oyun təşkil etdik. Hər şey yaxşı alındı. Uşaqlar özlərini yaxşı hiss edirdilər. Hər məşqdən sonra futbolçuların fiziki vəziyyətini diqqətlə izləyirdik. Onların nə qədər iş gördüyünü, hansı həcmdə məşq etdiyini və hansı yüklənməyə məruz qaldığını nəzarətdə saxlayırdıq. Bu bizim üçün çox vacibdir. Məqsəd futbolçuları həddindən artıq ağır vəziyyətə salmamaqdır. Çünki aşırı yükləmm mikrozədələrin yaranmasına səbəb ola bilər. Düşünürəm ki, bu mərhələni kifayət qədər yaxşı keçdik. Sonra komandaya bir günlük istirahət verildi. Ardınca isə iki həftəlik təlim-məşq toplanışı üçün Sloveniyaya yollandıq. Orada bizi kifayət qədər güclü komandalarla 4 yoxlama görüşü gözləyirdi. Məncə, bu təlim-məşq toplanışı da çox uğurlu keçdi. Həm şərait yaxşı idi, həm də məşqlər və oyunlar üçün meydançalar yüksək səviyyədə hazırlanmışdı. Bu baxımdan hər şey qaydasında idi. Bizə bu təlim-məşq toplanışını keçirmək imkanı yaratdığına və yoxlama görüşləri üçün yaxşı rəqiblər seçdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. Bu hazırlıq mərhələsini problemsiz və səhvsiz başa vurduq. Mənə qəribə gələn məqam isə o oldu ki, “ÇFR Kluj” komandası ilə məğlub olduğumuz ilk yoxlama oyunundan sonra bəzi məlumatlar yayılmağa başladı. Yazırdılar ki, guya komanda həddindən artıq yükləndiyi üçün narazıdır, məşqçi məşqlərdə həddi aşıb və futbolçular bu cür yüklənmə ilə oynaya bilmirlər. Bizim daxilimizdə belə söhbətlər, ümumiyyətlə, olmayıb. Bu cür məlumatların haradan qaynaqlandığını bilmirəm. Bu barədə həm Ukrayna, həm də Azərbaycan mətbuatında yazılar dərc olunmuşdu. Bu mənim üçün tamamilə anlaşılmazdır. Bizdə hər şey normal idi. Bir daha təkrar edirəm, biz hər gün, hər məşqdə futbolçuların gördüyü iş həcmini, fiziki və güc yüklənməsini diqqətlə izləyirik, bütün bunları daim nəzarətdə saxlayırıq. Bizim müasir GPS sistemimiz var və həmin sistem hər bir futbolçunun nə qədər çalışdığını, məsafə qət etdiyini və məşq zamanı necə işlədiyini dəqiq göstərir. Buna görə də bunu izah etməyin və bu barədə danışmağın heç bir mənası yoxdur. Bütün futbolçular üçün asan deyildi. Onlar, həqiqətən də yüksək yüklənmə altında çalışırdılar. Amma bu bizim məhz bu səbəbdən məğlub olduğumuz anlamına gəlmir. Bilirsiniz ki, bu oyunlarda hər heyətlə cəmi bir hissə oynayırdıq, artıq yox. İki tam heyət formalaşdırmaq üçün kifayət qədər futbolçumuz var idi. Buna görə də həm “ÇFR Kluj”, həm “Partizan”, həm “Radniçki”, həm də “Osiyek” ilə keçirilən oyunlarda hər heyət yalnız bir hissədə meydanda olurdu. Yalnız “Osiyek”lə matçda bir qrup futbolçuya təxminən 70 dəqiqə oynamaq imkanı yaratdıq. Qalanları isə meydanda daha az oldular. Lakin həmin görüşdən sonra az oynayan futbolçulara əlavə fiziki yüklənmə verdik. Bu hər matçda belə idi. Hər hansı heyət yalnız bir hissə oynayanda belə, həmin hissədən sonra hər iki heyət üçün əlavə məşqlər təşkil edirdik ki, ümumi fiziki yüklənmə tam bir matçın yükünə bərabər olsun. Toplanışlarla bağlı deyə biləcəyim bunlardır. Bakıya qayıtdıqdan sonra komandaya istirahət verdik. Bundan sonra isə UEFA Konfrans Liqasındakı ilk oyunumuz – Minsk “Dinamo”suna qarşı keçiriləcək matça hazırlığa başladıq”.
Minsk “Dinamo”su ilə oyunlar
“Dinamo”ya uduzub mərhələni keçə bilməməyimizə gəlincə, dərhal demək istəyirəm ki, məsuliyyət tamamilə mənim üzərimdədir. Bunu deməkdən çəkinmirəm. Niyə belə alındığını dəqiq izah etmək indi mənim üçün çətindir. Amma bu nə futbolçuların fiziki vəziyyəti, nə də başqa hər hansı səbəblə bağlı idi. Məncə, bu məğlubiyyət daha çox psixoloji hazırlıq və mentalitetə görədir. Bizdə çatışmayan əsas amil də məhz bu oldu. 8-ci dəqiqədə hesabda 2:0 öndə olduğumuz halda oyunu 2:4 hesabı ilə uduzduğumuza hələ də inana bilmirəm. Düşünürəm ki, siz də həmin matçı izləyib buraxdığımız qolları görmüsünüz. O 4 qolun hamısı uşaq səhvləri nəticəsində oldu. Nə az, nə də çox – məhz belə… Bunun niyə baş verdiyini izah etmək asan deyil, amma bir daha deyirəm, məncə, əsas səbəb futbolçuların psixoloji durumu və mental hazırlığı idi. Çünki bu futbolçuların bir çoxunun əvvəllər belə turnirlərdə çıxış etmədiyini bilirəm. Bu cür yarışlar Azərbaycan çempionatından tamamilə fərqlənir. Bunu qətiyyətlə deyə bilərəm. Növbəti mərhələyə yüksələ bilmədiyimizə görə çox məyusam və bu mənim üçün çox ağrılıdır. İlk oyundan sonra düzgün nəticələr çıxardıq. Cavab görüşünə yaxşı hazırlaşdıq və səfərdə keçirilən matçda, fikrimcə, kifayət qədər yaxşı çıxış etdik. Əgər ilk oyundan sonra çox məyus olub nə baş verdiyini anlaya bilmirdimsə, ikinci görüşdə gördüm ki, futbolçular meydana tamam başqa əhval-ruhiyyə və böyük istəklə çıxıblar. Uşaqlar fiziki baxımdan da kifayət qədər yaxşı təsir bağışlayırdılar. Oyunun bitməsinə təxminən 10 dəqiqə qalmış Breno Almeydanın ayağındakı qıcolma da onu göstərir ki, o, matç ərzində özünü sonadək meydanda qoymuşdu. Bu, fiziki yüklənmənin nəticəsi deyildi, futbolçunun bütün gücünü oyunda sərf etməsinin göstəricisi idi. Bu oyunu evdə keçirdiyimiz ilk matçla müqayisə etsək, həm ümumi qaçış həcmi, həm də sürətli qaçış, sprint və sürətlənmələr baxımından böyük fərq var idi. Bütün bu göstəricilər xeyli yüksək idi. Bu da bir daha onu göstərir ki, ilk oyunda problem fiziki yox, psixoloji hazırlıqda idi. Biz ilk oyunda sanki məğlub olmaq üçün əlimizdən gələni etdik və nəticədə 2:4 hesabı ilə uduzduq. Çox təəssüf ki, cavab görüşündə bizə cəmi bir qol çatmadı ki, oyunu əlavə vaxta daşıyaq, sonra isə matçın taleyini əlavə vaxtda və ya penaltilər seriyasında həll edək. Futbolda belə hallar olur. Bu hamımız üçün dərs oldu. Biz öz səhvlərimizdən nəticə çıxaracağıq. Hazırda da məhz bunun üzərində işləyirik. Bu oyundan sonra başa düşdük ki, UEFA Konfrans Liqasındakı çıxışımız başa çatıb. Bilirik ki, avqustun 16-da Azərbaycan çempionatında mübarizəyə başlayacağıq. Qarşıda daha iki həftə vaxtımız var və sakit şəkildə çempionata hazırlaşırıq. Bizi qane etməyən məqamlar üzərində işləyirik. Futbolçular da məşqlərdə böyük məsuliyyət və anlayışla çalışırlar. Bunu hər məşqdə görmək mümkündür. Fiziki hazırlıq baxımından heç bir həddindən artıq yüklənmə yoxdur. Mənim heç bir futbolçu ilə hər hansı münaqişəm də yoxdur. Mətbuatda Vernidubun gah təcrübəli, gah da yeni futbolçularla hansısa gərginlik yaşaması barədə müxtəlif xəbərlər yazılırdı. Mən münaqişə sevən insan deyiləm. İstəyirəm, bunu hamı başa düşsün. Futbolçular da artıq anlayırlar ki, ən vacib amil intizamdır – həm gündəlik həyatda, həm məşq prosesində, xüsusilə də bizi bir həftədən bir qədər sonra gözləyən rəsmi oyunlarda. Komandada ümumi ab-hava yaxşıdır, kollektiv hazırlığını normal şəkildə davam etdirir. Bəli, biz başa düşürük ki, UEFA Konfrans Liqasında mübarizəni dayandırmışıq. Bu çox üzücüdür, amma futbolda belə hallar olur və burada ən vacib olan səbr göstərməkdir. Mən azarkeşlərimizə güvənirəm. Onlar bunu başa düşməli və təkcə qalib gələndə yox, həmişə komandanın yanında olmalıdırlar. Futbol belə oyundur – burada həm qələbələr, həm də məğlubiyyətlər olur. Ən vacibi odur ki, komanda məğlubiyyətə düzgün reaksiya verməyi öyrənsin, növbəti oyunda daha yaxşı futbol nümayiş etdirsin və qələbə qazanaraq buna layiqli cavab verə bilsin”.
Heyətə cəlb olunmuş yeni futbolçular
“Baxın, yeni transferlərdən danışsaq, 5 transfer həyata keçirmişik, amma əslində, 4 yeni futbolçu cəlb etmişik. Çünki Varqas komandaya geri qayıdıb. O mənim iş üslubumu yaxşı bilir, meydanda ondan nə tələb etdiyimizi anlayır. Biz də ona, onun güclü tərəflərinə və yüksək kreativ potensialına yaxşı bələdik. Bu mənim üçün daha rahatdır. Formal olaraq transfer sayılsa da, əvvəllər komandamızda çıxış edib. 4 yeni futbolçumuza gəldikdə, əvvəlcə Abbasovdan başlamaq istəyirəm. O, azərbaycanlı futbolçudur, hazırda milli komandamızın üzvüdür. Cəmi 21 yaşı var və ondan gözləntilərimiz çox böyükdür. Çünki çox perspektivli oyunçudur. Yaxşı sürətə malikdir, hücumlara çox effektiv qoşulur, eyni zamanda, müdafiəyə qayıtmağın vacibliyini də dərhal anlayır və geriyə sürətlə hərəkət edir. Düşünürəm ki, biz çox yaxşı futbolçu transfer etmişik. İnanıram ki, o özünü göstərəcək və komandamızın əsas heyət üzvlərindən birinə çevriləcək. Amma rəqabət üçün onun ciddi rəqibi var. Seklə rəqabət aparacaq və bu mübarizədə kim üstün olsa, meydanda da həmin futbolçu oynayacaq. İkinci müdafiəçimiz Qravilyona gəlincə, hesab edirəm ki, o çox maraqlı mərkəz müdafiəçisidir. Eyni zamanda, sağ cinah müdafiəçisi mövqeyində də oynaya bilir. Əvvəllər həmin mövqedə çıxış edib. Bundan əlavə, milli komandasında həm dayaq yarımmüdafiəçisi (“6 nömrə”), həm də mərkəz yarımmüdafiəçisi (“8 nömrə”) kimi çıxış edir. Yəni çox universal futbolçudur. Amma mən onu ilk növbədə çox keyfiyyətli mərkəz müdafiəçisi kimi görürəm. Bunun üçün onda bütün keyfiyyətlər var. Sürətlidir, yaxşı göstəricilərə malikdir, hava toplarında inamlı oynayır və ikili mübarizələrin çoxunda qalib gəlir. Həm qısa, həm də uzun ötürmələri yüksək səviyyədə yerinə yetirə bilir. Sağ ayağı işləkdir, amma sol ayağından da kifayət qədər yaxşı istifadə edir. Əgər sağ ayağını 100 faiz kimi götürsək, sol ayağını rahatlıqla 80 faiz qiymətləndirmək olar. Bu isə bizə, lazım gəldikdə, onun mövqeyini dəyişmək və problem yaşadığımız zonaları bağlamaq imkanı verir. İndi isə Qustavo Klismandan danışaq. Portuqaliyanın yüksək liqasından gəlib. Mərkəz yarımmüdafiəçisidir, həm “8 nömrə”, həm də “10 nömrə” mövqeyində oynaya bilir. Lazım gəlsə, daha geridə də çıxış edə bilər. Məsələn, yarımmüdafiədəki üçbucağı dəyişərək, iki dayaq yarımmüdafiəçisi və bir hücumameyilli yarımmüdafiəçi ilə də oynaya bilər. Texniki baxımdan çox yaxşı futbolçudur. Fikrimcə, oyunu düşünən, meydanda düzgün qərarlar qəbul edən və komandamıza böyük fayda verəcək futbolçudur. İnanıram ki, onun sayəsində komandamız meydanda daha keyfiyyətli görünəcək. Həmçinin başa düşürəm ki, bir çoxları Tuptadan narazıdır. Hesab edirəm ki, bunun əsas səbəbi onun hələ qol vurmamasıdır. İnsanlar hesab edirlər ki, mərkəz hücumçusu mütləq qol vurmalıdır. Hər kəs öz fikrini söyləyə bilər, amma mən baş məşqçi kimi bu futbolçunu seçərkən onu çox diqqətlə izləyib təhlil etmişəm. Əvvəla, o da komandamıza Yunanıstan Superliqasından gəlib. Məncə, əvvəlki klubunun əsas liderlərindən biri idi. Çünki həm qollar vururdu, həm də hücum xəttinin bütün mövqelərində oynaya bilirdi. Sol və sağ cinahlarda, həmçinin mərkəz hücumçusu kimi çıxış etməyi bacarır. Ötən mövsüm Yunanıstanda 8 qol vurub. Belə futbolçu üçün kifayət qədər yaxşı göstəricidir. Fiziki baxımdan çox yaxşıdır. Meydanda komanda üçün çox böyük həcmdə bəlkə də ilk baxışdan gözə çarpmayan, amma vacib iş görən futbolçudur. Müdafiə zamanı mərkəz və cinah müdafiəçilərinə daim təzyiq göstərməsini nəzərdə tuturam. Hücumçuların əksəriyyəti bunu etmirlər, amma o bunu edir. Təəssüf ki, çoxları onun bu əməyini görmür. Hətta Minsk “Dinamo”su ilə keçirdiyimiz hər iki oyunda GPS göstəricilərinə baxdıqda onun yerinə yetirdiyi iş həcmi kifayət qədər yüksək idi və tapşırıqlarını yaxşı səviyyədə həyata keçirirdi. Bəli, azarkeşləri də başa düşürəm, hamı qol gözləyir. Bu tamamilə normaldır, amma həmin qollar da vurulacaq. Unutmayaq ki, bu futbolçular başqa ölkələrdən gəliblər. Cəmi bir aydır Azərbaycandadırlar. Onlar üçün hər şey – həyat tərzi, yeməklər, mühit, məşq prosesi yenidir. Bütün bunlara uyğunlaşmaq üçün vaxt lazımdır. Onlar “Neftçi” ailəsinin bir hissəsi kimi özlərini nə qədər rahat hiss etsələr, bütün bunlar öz əksini bir o qədər tez tapacaq. Buna inanıram və bilirəm ki, məhz belə də olacaq. Başqa cür ola da bilməz. Azarkeşlərimizdən bir xahişim də var. Xahiş edirəm, bir və ya iki oyuna əsaslanaraq belə nəticələr çıxarmayın. Mən bunu əvvəllər də görmüşəm. Breno komandaya gələndə ilk iki oyundan sonra hamı deyirdi ki, biz kimi gətirmişik, nəyə görə onu transfer etmişik… Amma həmin futbolçu sonradan komandamıza çox böyük fayda verdi. Mövsümün sonunda 4-cü yeri tutduq. Hamı xatırlamalıdır ki, mövsümün əvvəlində harada idik və onu harada başa vurduq. Ona görə də bizə inam və səbr lazımdır. Başa düşürəm ki, təzyiq var, olub və bundan sonra da olacaq. Buna hazıram. Futbolçular da buna hazırdırlar. Onlar başa düşməlidirlər ki, “Neftçi” Azərbaycan futbolunun tarixi klubudur. İndiyədək başqa heç bir klubun üzərində “Neftçi”yə göstərilən qədər təzyiq görməmişəm. Digər klublar üçün bu baxımdan vəziyyət daha rahatdır. Biz də buna hazır olmalıyıq. Bilməliyik ki, çətin olacaq. Amma biz daha güclü olmalı və bu təzyiqə oyunumuz, işimizə münasibətimiz, məşq prosesimiz və rəsmi oyunlardakı çıxışımızla cavab verməliyik. Baş məşqçi olaraq mən, məşqçilər korpusumuz və seleksiya şöbəmiz bu futbolçuları seçərkən səhv etmədiyimizi göstərməliyik. Futbolçular da sübut etməlidirlər ki, onlar, həqiqətən “Neftçi”ni gücləndirən oyunçulardır və bu klubun ən yüksək məqsəd və hədəfləri uğrunda mübarizə aparmasına kömək edəcəklər”.
Gözlənilən transferlər
“Biz bu istiqamətdə çox ciddi işləyirik. Amma məqsədimiz transfer xətrinə transfer etmək deyil. Həqiqətən, yüksək səviyyəli futbolçular tapmaq istəyirik. Komandaya real fayda verəcək və qarşımıza qoyduğumuz məqsədlərə çatmağımıza kömək edəcək futbolçular. Məhz buna görə də bu gün də, bundan sonra da axtarışlarımız davam edəcək. Hələ vaxtımız var. Biz futbolçuları axtarırıq, onları izləyirik. Bizə skaut qrupumuz tərəfindən çoxlu sayda oyunçu təklif olunur və onların hər birini diqqətlə dəyərləndiririk. İş prinsipimizi bir qədər dəyişmişik. İndi təkcə bizə təqdim olunan futbolçuların keyfiyyətlərini qiymətləndirmirik, eyni zamanda, onların Azərbaycana gəlməyə hazır olub-olmadığını da müəyyənləşdirməyə çalışırıq. Çünki futbolçunu bəyənmək bir məsələdir, onun bura gəlməyə razı olması isə tamam başqa məsələ. Əgər gəlməyə razılıq versələr, çox yaxşı olacaq. Alınmasa, yenə də axtarışlarımızı davam etdirəcək və heyətimizi gücləndirəcəyik. Çünki komandanın hələ də əlavə güclənməyə ehtiyacı var. Bunu siz də görürsünüz, mən də. Eyni zamanda, başa düşmək lazımdır ki, hər şey kənardan göründüyü qədər sadə deyil. İstəmək başqa məsələdir, istədiyin futbolçunu transfer etmək isə başqa məsələ. Bildiyiniz kimi, maliyyə məsələləri, qiymət siyasəti var. Hesab edirəm ki, bir çox hallarda futbolçuların transfer tələbləri və maliyyə şərtləri həddindən artıq yüksək olur. Buna görə də biz hər addımı diqqətlə düşünür, müzakirə edir və qiymətləndiririk. Elə bir gün olmur ki, skautlarımızın bizə təqdim etdiyi futbolçulara baxmayaq. Hər gün yeni namizədləri izləyir və təhlil edirik. Ona görə də təlaşlanmağa ehtiyac yoxdur. Çox ümid edirəm ki, sonda həm xarakter baxımından, həm oyun keyfiyyətlərinə görə, həm də komandamıza uyğunluq nöqteyi-nəzərindən məhz bizə lazım olan futbolçuları tapacağıq – komandamıza kömək edəcək və oyunumuzu daha da gücləndirəcək futbolçuları”.
Akademiya haqqında
“Mənim futbolla məşğul olan nəvəm var. İvan – oğlumun oğludur, 13 yaşı var. Əvvəllər Ukraynada futbolla məşğul olurdu. İlk addımlarını Zaporojyedə atıb. Müharibədən əvvəl orada oynayırdı. Müharibə başlayandan sonra isə oğlumun ailəsi Kiyevə köçdü və İvan məşqlərini Kiyevdə – “Dinamo”nun akademiyasında davam etdirdi. Biz bu məsələyə bir qədər fərqli yanaşırıq. Əlbəttə, anlayıram ki, o mənim nəvəmdir. Mən də istərdim ki, Avropa səviyyəli akademiyada yetişsin. Hazırda da bu istiqamətdə işləyirik və müəyyən variantlarımız var. Vaxt itirmək istəmirik. Bilirəm ki, “Neftçi” akademiyası çox yaxşı səviyyədədir. Oranı çox bəyənirəm. Çünki 19 yaşlıların və əvəzedicilərin futbolçularını tez-tez əsas komandanın məşqlərinə cəlb edirəm. Hazırda da akademiyadan olan iki futbolçu bizimlə birlikdə məşq edir. Burada yaxşı məktəb və səviyyə var, amma başa düşürəm ki, nəvəmi 1-2 ay müddətinə “Neftçi” akademiyasına gətirsəm, ona münasibət fərqli ola bilər. Kimsə deyə bilər ki, baş məşqçinin nəvəsidir və istər-istəməz ona xüsusi yanaşmağa çalışacaqlar. Mən isə bunu istəmirəm. Çünki hamıdan yaxşı bilirəm ki, tanışlıq, valideynlərin və ya babaların nüfuzu hesabına inkişaf edən futbolçudan yaxşı nəticə çıxmır. İstəyirəm, elə bir akademiyada məşq etsin ki, ona heç kim fərqli münasibət göstərməsin. Ondan yalnız məşqlərinə, işinə və inkişafına görə tələb olunsun. Digər gənc futbolçulara necə yanaşılırsa, ona da eyni şəkildə yanaşılsın. Buna görə də biz belə qərar verdik. Hətta əsas səbəb təkcə bu da deyildi. Nəvəm özü dedi ki, fərdi məşqçi ilə işləmək istəyir. Biz də rəhbərliyə müraciət etdik ki, bu məsələdə bizə kömək olsunlar. Amma siz də yaxşı başa düşürsünüz ki, fərdi məşqlər komanda idman növü ilə məşğul olan bir uşaq üçün kifayət etmir. Əgər fərdi idman növü ilə məşğul olsaydı, bununla razılaşardım. Düzdür, fərdi məşqçilər komanda oyunçularının inkişafına da müəyyən fayda verirlər. Ancaq mən istəyirdim ki, bu iki ay ərzində tam şəkildə komanda ilə işləsin. Çünki avqustun 20-dən sonra Avropadakı bir akademiyada baxışa yollanacaq. Hazırda iki variantımız var. Hansının daha məqsədəuyğun olduğuna qərar verəcəyik. İstəyirəm, o da bunu başa düşsün. Nə qədər tez anlasa, bir o qədər yaxşı olacaq. Onda böyük həvəs və istək var. Atası futbolçu olub, babası da həm futbolçu, həm də məşqçi. Amma özü futbolçunun etməli olduğu işi görməsə, həqiqətən, peşəkar futbolçu olmaq üçün çalışmasa, bunların heç biri ona kömək etməyəcək. Bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır. Ola bilər ki, hər şey alınsın. Əgər alınmasa, təhsilini davam etdirəcək və başqa bir peşə seçəcək. Bu da tam normaldır. Mənim üçün əsas olan yalnız bir məsələdir – onun hamı ilə eyni şəraitdə olması. İstəmirəm ki, övladlarıma və nəvələrimə sırf mənim müəyyən nüfuzum olduğuna görə başqalarından daha yaxşı münasibət göstərilsin. Oğlum Vitali ilə də belə olub. Əsas odur ki, uşaqlar oynasınlar, inkişaf etsinlər və gələcəkdə böyük futbolçuya çevrilsinlər. Üstəlik, hazırda “Neftçi”nin əsas komandasında kifayət qədər öz yetirməsi çıxış edir. Elə Abbasovu götürək. O, “Neftçi” akademiyasının yetirməsidir. Bəs özünü harada göstərdi? “Şamaxı”da çox uğurlu bir mövsüm keçirdi və biz onu yenidən komandaya qaytardıq. Bu çox yaxşıdır. “Neftçi”nin akademiyası tarixən həmişə yüksək səviyyədə olub və inanıram ki, bundan sonra da belə olacaq. İnşallah, digər klublar da inkişaf edərlər. Təkcə əsas komandalar yox, onların akademiyaları da inkişaf etməlidir. Çünki bütün bunlar Azərbaycan futbolunun inkişafı, ümumi işimiz və bütövlükdə Azərbaycan üçün vacibdir”.
