Türkiyə mətbuatında “Bursaspor”un yeni transferləri dəyərləndirilib.
Futbolinfo.az xəbər verir ki, I Liqa klubu ilə bağlı hazırlanan televiziya proqramında Azərbaycan millisinin futbolçusu Toral Bayramovun durumu da müzakirə olunub.
Verilişin ekspertlərindən biri Toralın zəngin karyeraya sahib olduğunu deyib. Lakin o, millimizin üzvünün zamana ehtiyac duyduğunu düşünür: “Bursaspor”un yeni transferlərinə nəzər yetirsək, kifayət qədər zəngin karyeraya malik oyunçular olduğunu görərik. Lakin bunu keçmişə əsasən demək olar. Bu gün və gələcəkdə onların necə çıxış edəcəklərini zaman göstərəcək. Məsələn, azərbaycanlı Toral Bayramovun karyerası göz qamaşdırır. Dəfələrlə Azərbaycan çempionu olub, Çempionlar Liqasının qrupunda oynayıb, uzun illər avrokuboklarda çıxış edib. Hər şey əla görünür. Lakin Donetsk “Şaxtyor”u ilə yoxlama oyunundan sonra hamı onu tənqid etdi. Halbuki uyğunlaşması üçün zamana ehtiyac var”.
Qeyd edək ki, Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.
