“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk “Dinamo”su ilə cavab oyununda insident yaşanıb.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bakı klubunun 1:0 hesablı qələbə qazandığı qarşılaşmada yeni transfer Endryu Qraviolyon diqqət mərkəzinə düşüb.
Hadisənin matçın fasiləsi zamanı baş verdiyi yazılıb. Yay fasiləsində “Neftçi”yə qoşulan Qvadelupa millisinin müdafiəçi cərimə zərbəsinin icrası üçün kapitan Emin Mahmudovla mübahisə edib. Futbolçu topun arxasına keçməsinə icazə verilməməsindən narazı qalıb və bu, paltardəyişmə otağında gərginliyə səbəb olub.
İddialara əsasən, baş məşqçi Yuri Vernidub dərhal vəziyyətə müdaxilə edərək legionerə bu cür davranışın yolverilməz olduğunu bildirib. “Sən komanda yoldaşlarına qarşı düzgün davranmadın. Belə hallar bir daha təkrarlanmamalıdır”, – deyə ukraynalı mütəxəssis futbolçuya deyib.

Vernidub həmçinin vurğulayıb ki, komandasında nizam-intizam əsas prinsiplərdən biridir və komanda yoldaşlarına qarşı hörmətsizlik hallarına göz yummayacaq.
Qeyd edək ki, “Neftçi” iki oyunun cəmində 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.