UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Orhus” oyununun hakimi dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək cavab matçına öncədən təyin olunan portuqaliyalı hakimlərlə bağlı qərarını dəyişib.
Belə ki, Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasının təyinatı ləğv olunub. Hətta hakimlərin avqustun 9-da paytaxtımıza yollanması nəzərdə tutulurdu. Əvəzində UEFA Fransadan olan referiləri bu komandaların cavab matçına göndərəcək.
Qarşılaşmanın baş hakimi Villi Delajod olacaq. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. Bastien Deşepi VAR, Nikolya Rainvill isə AVAR kimi fəaliyyət göstərəcək.
Təyinat dəyişikliyinə səbəb bu cütün məğlubunun Portuqaliya klubu “Benfika” ilə qarşılaşmaq ehtimalının yaranmasıdır. Məsələ burasındadır ki, avqustun 3-də avrokuboklarda pley-off mərhələsinin püşkü atılıb. “Sabah” – “Orhus” cütündə yeniləcək komanda Avropa Liqasının pley-offuna düşəcək və orada “Benfika” – “Harts” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda Portuqaliya təmsilçisi 6:1 hesabı ilə qalib gəlib.
Bunu nəzərə alan UEFA mümkün qərəz şübhəsini aradan qaldırmaq üçün portuqaliyalı hakimlərin təyinatını ləğv edib.
Qeyd edək ki, “Sabah” – “Orhus” oyunu avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. Danimarkadakı ilk görüşdə rəqib 2:1 hesablı qələbə qazanıb.
