“Qarabağ” erasının bitdiyini düşünmürəm. Hətta hazırkı komandanın əvvəlklərdən daha güclü olmaq potensialı var. Sadəcə, komanda yaydakı heyət islahatından sonra keçid dövründədir. Adaptasiya prosesi yekunlaşan kimi yenə qarşısıalınmaz “Qarabağ” görəcəyik.
Ən pisi bu mərhələdə ağdamlıların qarşısına dəmir intizamlı, döyüşkən, tarixi olan klubların çıxmasıdır. Dünən Polşada qələbəyə sevinən “Dinamo”nun əzəməti əvvəlki deyil, lakin ənənələr var və elə bu fakt komandanı ayaqda tutur, rəqiblərini qorxudur. Kiyevlilər kimi “Qarabağ” da meydanda əvvəlki komandanın kölgəsini xatırladırdı. Bununla belə, təmsilçimiz daha diri görünürdü . Qurban Qurbanovun yetirmələri hər nə qədər zəif təsir bağışlasa da, “Dinamo”dan üstün idi.
Qolu rəqib vurmadı, “Qarabağ” buraxdı. Həmin texniki səhv də məhz heyətin tam “oturmamasının” nəticəsi idi. Üstəlik, Savonun zədəli olması üzündən Qurbanov rotasiyalara əl atmışdı ki, bu da komanda oyununu pozan amil sayılmalıdır. Əsas hücumçunun yerini doldurmaq üçün müxtəlif variasiyaları sınayan çalışdırıcı bir az da ön xəttdəki xaosun səbəbkarı oldu. Amma məşqçini anlamaq lazımdır. Ötən mövsüm az qala ən lazımsız sayılan Aleksey Kaşuk bu gün start heyətinin daimi üzvüdürsə, deməli, Qurbanovun əlinin altında ondan yaxşısı yoxdur. Renaldo Sefasın dünən meydanda varlığı hiss olunmurdusa, bu, onun bacarıqsızlığı yox, hələ tam hazır olmaması ilə bağlı idi. Hətta Kaşuk da ondan daha yaxşı görünürdü.
Futbol oynamağı xoşlayan komandalarla matçlarda “Qarabağ”ın oyunu daha yaxşı alınır. Həm Sofiya ÇSKA-sı, həm də Kiyev “Dinamo”su qapalı müdafiə taktikası seçdiyi üçün ağdamlılar 300 dəqiqədir qol vura bilmir. Amma bu susqunluğun mütləq bir partlaması olacaq. Elə Ukrayna təmsilçisi ilə cavab matçında bu yaşana, “Qarabağ” son illər üzləşdiyi ən çətin durumdan çıxa bilər. Təmsilçimizin texnikalı ön xətt oyunçuları o tilsimi qırmalı, əsl gücünü göstərməlidir.
Təbii ki, Kiyev “Dinamo”sunun da Bakıdakı matç üçün planları olacaq. Lakin “Qarabağ” daha potensiallı komanda kimi görünür. Ona görə də inanmaq və növbəti həftəyə kimi səbr etmək lazımdır. Azarkeşlər mütləq tribunaları doldurmalı, komandaya güvənini dəstəyi ilə göstərməlidir. Belədə “Dinamo”nun çözülməsi daha asan olar.
Lakin “Qarabağ”ın mümkün uğursuzluğuna da hazır olmaq lazımdır. Zaman göstərdi ki, öz boyundan hündürə tullanmağın Azərbaycan kimi ölkələrin klubları üçün fəsadı olur. Ağdamlılar Çempionlar Liqasındakı ötənilki uğurun əziyyətini çəkir. Həm ab-hava dəyişikliyi komandaya təsir edib, motivasiya fərqlidir, həm də karyerasının zirvəsinə çatan bir çox oyunçu klub dəyişməyi lazım bildi ki, bu da “Qarabağ”ın oturuşmuş sistemini laxlatdı. İndi Qurbanov daşları yerinə oturtmaq üçün zamana ehtiyac duyur.
Bütün ümidverici məqamlarla yanaşı, ürəyə şübhə salan detallar da var. “Qarabağ” cavab oyununa ayın 13-də çıxacaq. Qurbanovun sevimli rəqəmi həm də ağdamlıların avrokuboklarda qruplara ardıcıl düşmək sayı ilə eynidi. Və növbəti rəqibin ağdamlıların qitə arenasında uğurlarının başlamasına səbəbkar olan “Tvente” olması ehtimalı böyükdür, dünən 6:0 hesabı ilə qələbə qazandılar. Bəlkə Niderland klubu ilə matçda başlayan zəfər yolu elə bu komanda ilə görüş ərəfəsində bitəcək?
Mifik ehtimalları yadda saxlayıb “Qarabağ”a inanmaq lazımdır. Bütün seriyalar nəvaxtsa bitir, amma indi bitməsin. İki klubumuzun Liqa mərhələsində oynaması ölkə futbolu adına böyük hadisə ola bilər. “Sabah” işi bitirib, ağdamlılar da hədəfə çatsa, bundan bütün ölkə futbolu faydalanar.
ABBAS
