“Hazırlıq prosesində əsas diqqətimizi fiziki durumumuzu yaxşılaşdırmağa, fiziki və texniki keyfiyyətlərimiz üzərində işləməyə yönəltmişik. Düşünürəm ki, çempionata yaxşı hazırlaşmışıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in kapitanı Əli Səmədov deyib.

Yarımmüdafiəçi yoxlama oyunlarının komandanın hazırlıq səviyyəsini müəyyənləşdirmək baxımından əhəmiyyətli olduğunu deyib: “Yoxlama oyunlarında komandanın ümumi səviyyəsini və yeni qoşulan futbolçuların hazırlıq durumunu görmək imkanımız oldu. Oyunlarımız pis alınmadı. Qarşılaşmalara çempionat oyununa yanaşdığımız kimi ciddi yanaşdıq. Düşünürəm ki, bu görüşlər mövsümə daha yaxşı start verməyimizə kömək edəcək”.

28 yaşlı oyunçu heyətdə ciddi dəyişikliklərin olduğunu və yeni futbolçuların komandaya tez uyğunlaşdığını qeyd edib: “Komandadan ayrılan futbolçular çox oldu. Demək olar ki, heyətin 70 faizi yenilənib. Yeni gələn oyunçular da ümid verir. Onların uyğunlaşması ilə bağlı hər hansı problem yaşanmadı. Hamısı məşqçilərin tapşırıqlarını canla-başla yerinə yetirir. Komandada ailə ab-havası yaratmağa çalışırıq. İnanıram ki, birlikdə buna nail olacağıq. Rəhbərlik də hər bir futbolçu ilə danışıqlar aparıb. Bu mövsüm hər baxımdan daha yaxşı olacağımıza inanıram”.

Səmədov bu mövsümdən etibarən ev oyunlarını Gəncədə keçirmələrinin komanda üçün əlavə motivasiya olduğunu vurğulayıb: “Nəhayət, bu mövsüm doğma stadionumuzda oynayacağıq. Bu, bizim üçün əlavə stimul və motivasiyadır. Əminəm ki, möhtəşəm stadionumuzda, doğma azarkeşlərimizin önündə daha yaxşı nəticələr qazanacağıq”.

O, ev oyunlarının Gəncədə keçirilməsinin futbolçular üçün başqa bir üstünlüyünü də qeyd edib: “Artıq neçə mövsümdür ev oyunlarımızı fərqli stadionlarda keçirirdik. Oyunların Gəncədə keçirilməsi bizim üçün həm də yorğunluq baxımından daha yaxşı olacaq”.

Kapitan mövsümün ilk turlarında güclü rəqiblərlə qarşılaşacaqlarını da deyib: “İlk turlarda ən çətin rəqiblərlə qarşılaşacağıq. Bu da çempionatın əvvəlində bizim üçün ciddi sınaq olacaq. Lakin bu, bizi qorxutmur. Əksinə, mövsümə pis başlayacağımızı düşünmürəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: