İsrailin “Makkabi” klubunun sahibi Şimon Mizrahi və “Hapoel”in rəhbəri Ofer Yanay komandalarının Avroliqadakı ev oyunlarını İsrailə qaytarmaq üçün birgə fəaliyyət göstərirlər.
“Sport5”in məlumatına görə, “Dubay”ın 2026/27 mövsümünə regiondakı gərgin vəziyyətə baxmayaraq ev matçı ilə başlamaq qərarından sonra Mizrahi və Yanay Avroliqanın baş direktoru Çus Buenoya ayrı-ayrılıqda müraciət ediblər. İsrail klublarının rəhbərləri qarşılaşmaların ölkə ərazisində keçirilməsinə icazə verilməsini istəyib və təhlükəsizliklə bağlı təminatlar təqdim ediblər.
Məlumata əsasən, danışıqlardan sonra Avroliqanın İsrailə qayıtması ilə bağlı nikbinlik yaranıb və regiondakı vəziyyət indiki səviyyədə qalsa, liqa noyabra qədər İsrail klublarına ev oyunlarını öz meydanlarında keçirməyə icazə verə bilər.
Qeyd edək ki, Təl-Əvivi təmsil edən “Makkabi” ilə“Hapoel”, eləcə də “Dubay” 2025/26 mövsümünün sonunadək Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi səbəbindən ev oyunlarını neytral meydanlarda keçiriblər.
