Formula 1-də mübarizə aparan “Ferrari” komandası mövsümün ikinci yarısında bolidinə bir neçə böyük yenilik gətirməyə hazırlaşır.
İtaliyanın “Autoracer” nəşrinin məlumatına görə, komanda yeniliklərin tətbiqi qrafikini artıq müəyyənləşdirib və ümumilikdə üç böyük paket planlaşdırılır. İlk yenilik Niderland Qran-prisində təqdim olunacaq və bolidin daha əvvəl Barselona mərhələsi üçün hazırlanmış döşəməsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş versiyasından ibarət olacaq.
Ən böyük yenilik isə İtaliya Qran-prisində gözlənilir və “Ferrari” ADUO proqramı çərçivəsində təkmilləşdirilmiş, turbinin səmərəliliyini artırmağa yönəlmiş yeni mühərrik gətirəcək. Bundan əlavə, komandanın mühəndisləri mövsümün sonlarına yaxın təqdim olunması planlaşdırılan daha bir kompleks yenilik paketi üzərində çalışırlar.
