Bu qədər rahat, qələbəyə tam əmin olaraq futbola baxmaq özü də zövqlüdür. Belə xoşbəxtliyə bizi “Qarabağ” öyəşdirmişdi. “Sabah” da eynisini edir.
Vaxt var idi Danimarka klubları təmsilçilərimizə asan rəqib gözü ilə baxır, darmadağınlarla üstünlüyünü təsdiqləyirdi. İndi isə bunun əksi baş verir. “Qarabağ” “Kopenhagen”i məğlub edib Çempionlar Liqasının qrupuna necə düşmüşdüsə, “Sabah” da “Orhus”a 4 cavabsız qol vurub pley-offa yüksəldi.
Bu qələbələr təsadüfi deyil. “Sabah” ötən mövsüm əbəs yerə çempion olmadığını çoxdan isbat edib. “Bayquşlar” hələ ötən turda Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin etsə də, bununla kifayətlənmədi, həm ÇL-də yola davam etdi, həm də ən azı Avropa Liqasının qrupunu qarantilədi. Gözəl oyun, ləzzətli qələbə, inamlı mübarizə ilə…
“Orhus” bu mövsüm “Sabah”ın qarşısına çıxan komandalar arasında ən sanballısı idi. Amma Danimarkada ilk oyunda uduzanda, qələbə seriyası bitəndə belə kimsə Masazır təmsilçisinin ümumi uğuruna şübhə etmədi. Komanda səfərdə əla oynamış, oyundan-oyuna öz səviyyəsini də yüksəltdiyini göstərmişdi. Hələ Randersdə qələbəyə layiq olan təmsilçimiz dünən bunu reallaşdırdı.
“Sabah” ilk hissədə üstün oyunu qolla taclandıra bilməsə də, fasilədən sonra fırtına qopardı. Əvvəlki oyunlarında da adətən bir hissədə rəqiblərini əzən Valdas Dambrauskasın yetirmələri yarım saata 4 qol sığdırdı. Bir-birindən gözəl, məşqçi işinin aşkar göründüyü kombinasiyalara rəqib çox davam gətirmədi.
Dambrauskas Aron Maludanın satışına icazə verəndə hansısa oyunçudan asılı olmadığını göstərmiş, öz üslubuna uyğun seçimləri ilə komanda oyununa daha çox üstünlük verdiyini isbatlamışdı. Çoxsaylı transferlərə rəğmən, litvalı mütəxəssisin köhnə qvardiyaya güvənməsi həm də ədalətli olmasının göstəricisidir. O, indiyəqədərki uğurları qazanan futbolçulara arxa çevirmədi, tələblərinə cavab verdikləri müddətcə heyəti dəyişməyəcəyini göstərdi.

Ən əsası, Dambrauskasın sisteminin uğurudur. Meydana kimin çıxmasından asılı olmayaraq, hamı üsluba sadiq qalır, əvəz edənlər bir qayda olaraq oyunu gücləndirir. Sırf mərkəz forvardı oynatmayan, “yalançı hücumçu” ilə həm yarımmüdafiədə çoxluğu təmin edən, həm də vaxtında ön xətti “çoxaldan” litvalı ortabab oyunçulardan ulduz yaratmağa nail olub. Universal Simiç oyundan-oyuna dəyərini artırır, xoşbəxtliyini tapan Mikels komanda oyununa hər şeyini verir, Zedadka Puxaçdan geri qalmadığını hər qarşılaşmada isbatlayır, Lepinitsa özünü maestro kimi göstərir, Solvet müdafiədə inamlı oyununa qol da əlavə edir və s.
“Sabah” rəhbərliyinin gördüyü işi də alqışlamalıyıq. İllərlə axtarışda oldular, hər uğursuzluqdan dərs çıxartdılar, komandanı pillə-pillə inkişaf etdirdilər. Və bunu “Qarabağ”ı yamsılamadan, özləri üçün fərqli yol seçərək reallaşdırdılar. İşlər düzgün görülürsə, seçimlər ədalətlidirsə, nəticənin gəlməsi zaman məsələsidir. İndi “Sabah” səbrinin, əzminin, peşəkarlığının meyvələrni dərir. “Qarabağ” avrokubokda qrupa vəsiqə qazanılmasını çoxdan adi işə çevirib, hədəfləri yüksəldib. “Bayquşlar” bu çağırışa tam hazır kimi görünür. Bəlkə də yeni etalonu elə bakılılar müəyyənləşdirəcək?
Nəticə əladır. Növbəti rəqib də münasibdir. “Sabah” ÇL-dəki debüt ilindəcə qrup mərhələsinə yüksəlsə, fantastika olar. Amma bunu bacarmasa belə, “bayquşlar” minimum vəzifəni yerinə yetirib. Təmsilçimiz gələn ilin əvvəlində də qitə yarışlarında olacaq.
FƏRİD
