“Sabah” – “Orhus” matçından öncə xoşagəlməz hadisə yaşanıb. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşü üçün Bakıya gələn danimarkalı azarkeşlər qalmaqal yaradıb.
Futbolinfo.az xəbər verir ki, qonaqlar onlara qarşı Masazır stadionunda xoşagəlməz hərəkətlər olduğunu, danimarkalı fanatlara hücum edildiyini bildirir. Əslində isə olaylar heç də qonaqların iddia etdiyi kimi reallaşmayıb.
Matçdan öncə həqiqətən də kiçik münaqişə baş verib, hər iki tərəfdən zərərçəkənlər olub. Amma bunun səbəbkarı elə “Orhus” fanatlarıdır. Qonaqlar stadiona gələrkən özlərinin sifariş etdiyi avtobusları “Sabah” fanatlarının toplaşdığı ərazidə saxlayıb, qıcıqlandırıcı ifadələrlə qarşı tərəf təxribata çəkiblər. Olaylar əlbəyaxa davaya kimi böyüyüb, hər iki tərəfdən xəsarət alanlar olub.
Xatırladaq ki, səfərdə 1:2 hesabı ilə uduzan “Sabah” Bakıda rəqibini darmadağın edərək (4:0) ÇL-də pley-offa yüksəlib.
