“Qəbələ” əksəriyyəti uğursuz çıxan legionerlərini göndərib. Pislər gedb, daha pislər gəlib.
Bəlkə də yeni əcnəbilərin içində istedadlılar var, hətta onlardan yaxşı komanda da formalaşdırmaq olar. Amma bunu bacaracaq adam Kaxaber Sxadadze deyil. Bölgə klubunun baş məşqçisi bacarıqsız deyil, onun xarakteri doğru işləməsinə imkan vermir. Futbolçularla rəftarı yerində deyil, həlledici məqamlarda qorxaqlığı üzə çıxır. Komandanın düşərgəsindən gələn son dava-dalaş xəbərləri də düşərgədəki xaosun xəbərçisidir.
Gürcünün öz oyun dəst-xətti var, komandasına bəzən yaxşı futbol oynadır, lakin bu, epizodik olur, seriya halında davam etmir.
Sxadadze bir neçə gün öncə “Futbolinfo”ya açıqlamasında yeni komanda formalaşdırmaqdan bəhs etmişdi. Klub prezidenti Fariz Nəcəfovun başının altına gözəl sözlərlə yastıq qoymaq lazım deyil. Kaxa bura hər yay 8-9 legioner yola salıb, bir o qədərini gətirmək üçün gəlməyib. Əvvəlkilər pis idisə, onu seçən adam kimi Sxadadze hədəfə gəlməlidir, yaxşı idilərsə, göndərilmə səbəbləri araşdırılmalıdır. Bu alverdə məqsəd nədir?
Nazir oğlu, klubun əsas himayədarı Tale Heydərov da kluba hər il bir neçə milyon manat ayırır, “Qəbələ” digər klublar kimi 2,5 milyon manat dövlət yardımı alır. Üstəlik, klubun infrastrukturu pul qazanmağa imkan verir. Son illər ərəb klubları, eləcə də Premyer Liqa təmsilçiləri burada hazırlıq keçir, pul xərcləyir. AFFA yığmaların toplanışlarını, oyunlarını bura salmaqla “Qəbələ”nin qazanmasına fürsət verir. Sxadadze isə həmin maliyyəni faydasız əcnəbilərə xərclədir, ən az maaş alan aylıq 8 min dollar qatlayır.
“Maliyyə çatışmazlığı üzündən” akademiyasını bağlayan “Qəbələ” beləcə milyonları havaya sovurur. Əvvəllər heç olmasa futbolçu yetişdiririb alqış qazanırdılar, indi isə afrikalı yeniyetmələrin inkişafı ilə məşöuldurlar.
Komandaya başçılıq edən əcnəbi məşqçilər öncə komandanı I Liqaya endirdi, qayıdan kimi elitada qalmaq uğrunda pley-offa oynamaq məcburiyyətində qaldılar, indi də ilk turdan sonra autsayderlər qrupuna düşdülər. Nəcəfovun Sxadadze ilə sevgisinin niyə bu qədər romantik olmasının sirrini bir bilsəydik…
Misli Premyer Liqasının yeni mövsümünün ilk oyununda “Turan Tovuz”a təkqollu səfər məğlubiyyəti faciə deyil. Pis olan sərgilənən futbol, yeniləndikdən sonra ilk dəfə gördüyümüz komandanın verdyi mənfi siqnaldır. “Qəbələ” Sxadadze ilə uzağa gedə bilməyəcək. Heydərovların milyonlarını gürcü ilə birləşərək dağıdan Nəcəfov silkələnməlidir.
İlk turun oyunundan sonra bəlkə də “Qəbələ”yə bu qədər “yüklənmək” doğru deyil. Ancaq 3-4 ildir cərəyan edən proseslərin davamını izləyiriksə, deməli, bölgə təmsilçisini yenə eyni aqibət gözləyir.
“Turan Tovuz” qələbə qazandığından, tənqid üçün ciddi əsas yoxdur. Amma komandanın güclənmədiyi də fakdır. Yeni sponsorun ayırdığı pullar Ehtiram Quliyevlə, Kurban Berdıyevlə az qala yaşıd olan oyunçulara xərclənib. Qərblilərdə bu mövsüm əsas çatışmazlığın dinamika, hərəkətlilik olacağını təxmin etmək olar. “Qəbələ” kimi bərbad komanda ilə görüşdə bunu o qədər də hiss etmədik, mövsümün gedişində nə baş verdiyini görəcəyik.
ABBAS
