“Sabah” yenə zirvədədir. Çempion Misli Premyer Liqasının yen mövsümünə də qələbə ilə başladı.
Çempionlar Liqasında pley-offa kimi irəliləyən “bayquşlar” heyəti tamamilə yenilənən “Kəpəz”lə görüşdə əziyyət çəkməməli idi. Gəncəlilər yeni yığılıbsa, Masazır təmsilçisində heyət formalaşıb. Amma meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın avrokubok matçını düşünərək əsas heyətə istirahət verməsi “Kəpəz”i ümidləndirmişdi. Təsadüfi deyil, ilk hissədə qonaqlar başabaş mübarizə aparmağı bacardı. Fasilədən sonra “Sabah” əsas oyunçuları meydana buraxınca vəziyyət dəyişdi.
“Kəpəz” növbəti dəfə mövsümə məğlubiyyətlə başladı. Lakin budəfəki yenilginin məntiqi izahı var. Çempionatın favoriti ilə səfər görüşündə xal qazanmaq sensasiya olardı. Bununla belə, Gəncə təmsilçisi xoş təsir bağışladı. Azər Məmmədov yay fasiləsində xeyli iş görüb. İlk turlarda büdrəmələr qaçılmazdır, lakin zamanla “Kəpəz” çox komandaya başağrı olacaq. Komandanın doğma şəhərə qayıtması da əvvəlkilərlə müqayisədə daha yaxşı nəticələrə ümid verir.
“Sabah”ın ikinci heyəti nəticə baxımından ümidi doğrultmadı. Amma yeni transferlər arasında çox maraqlı oyunçular var. Onlar formaya düşdükdən, bir-birinə uyğunlaşdıqdan sonra Dambrauskasın seçim etmək baxımından işi çətinləşəcək.
Günün digər matçı gözlənilən nəticə ilə bitdi. Qəbələni məskən seçən “Araz-Naxçıvan” qismən üstün olduğu görüşdə heç-heçəyə razılaşdı. “İmişli”nin də bir neçə real şansı oldu, lakin hər iki tərəf hesabı açmaqda aciz qaldı.
İlk oyun olduğu üçün komandalar barədə qəti rəy vermək olmur. Cavid Hüseynov öz üslubuna uyğun oyunçular yığıb və naxçıvanlıların oyununda məşqçi işini görmək mümkün idi. Qarşıdakı turlar komandaya qiymət vermək baxımından faydalı olacaq. “İmişli”nin məşqçiləri isə daha çox Jorj Kaşkilyanın oyun üslubuna sadiq qalması ilə seçilir. Heyətin qismən qorunması da bunu zəruri edir. Səfərdə qazanılan xal komanda üçün qənimət sayılmalıdır.
FƏRİD
