Misli Premyer Liqasının yeni mövsümünün ən zəifləri bəllidir. Dünən ilk tur çərçivəsində meydana çıxıb məğlub olanlar hələlik digərlərindən geri qalır.
Doğrudur, start həftəsinə görə komandalara qiymət vermək tezdir. Lakin ilkin təəssüratlar məhz bu yöndədir.
“Şəfa”nın zəif oyununu hardasa başa düşmək olar. 22 ildən sonra elitaya qayıdan komanda faktiki olaraq heyəti yenidən yığıb. 20-yə yaxın transfer varsa, onların uyğunlaşması üçün zaman lazımdır. “Zirə” ilə görüşdə bəzi epizodlarda komanda təhlükəli olmağa çalışsa da, təcrübə yetmədi. Zaur Həşimovun işləmək üçün hələ çox səbəbi var.
“Sumqayıt”ın isə bəhanəsi olmamalıdır. Komanda ötənilki heyəti əsasən qoruyub. Amma güclənmək baxımından problem var. Klub rəhbərliyi braziliyalıları düzərgəyə doldurmaqla say düzəldib. Onların gedənlərdən güclü olduğunu deyə bilməyəcəyik. Bəlkə də indiki heyət daha sanballı olacaq, buna zaman lazımdır. Dəqiq olan məşqçinin düzgün seçilməməsidir. Filipe Kandido “kimyaçılar”ın oyununa xüsusi heç nə gətirməyib. Ən pisi məşqçinin yeni transferlərdən xəbərsizliyidir. Klubun menecer-prezidenti Riad Rəfiyev öz biznes-planına əsasən legionerlər seçib və eyni üsulla gətirilən portuqaliyalı onları kollektivə çevirməlidir.
“Şəfa”nı 2 cavabsız qolla yenən “Zirə” eyni sürətlə davam edir. Komanda əvvəlki mövsümdən heç nəylə fərqlənmir. Rəşad Sadıqov sadəcə yeni transferlərlə oyun sabitliyini qorumağa çalışır. Bu, “Şəfa”nı yenməyə kifayət etdi, lakin rəqiblər formaya düşdükdən sonra daha çətin olacaq, o zamana kimi qəsəbə təmsilçisi də “artırmalıdır”.
Top fərqinə görə ilk turdan zirvəyə əyləşən “Neftçi” əla start götürdü. Qələbənin səfərdə, erkən qollarla əldə edilməsi xüsusilə yaxşıdır. Amma bakılılar arxayınlaşmamalıdır, komandada heç də hər şey qaydasında deyil. Sumqayıtdakı qələbə daha çox rəqibin bərbad çıxışı üzündən asan başa gəldi.
Qalibi mühakimə etməzlər, Yuri Vernidubun qərarlarıını isə müzakirə etməyə dəyər. Ukraynalı mütəxəssis bəlkə də axtarışdadır, ideal heyəti müəyyənləşdirməyə çalışır. Lakin onun iki avrokubok matçından sonra dünən də fərqli heyətə güvənməsi yaxşı əlamət deyil. Xüsusilə müdafənin mərkəzini bu qədər tez-tez laxlatmaq, fərqli cütluklərə güvənmək qərarsızlığın əlamətidir.
“Neftçi”nin hücum xətti daha sanballı görünür. Yeni transferlərin uyğunlaşma dövrü bitdikdən sonra bakılıların çempionluq mübarizəsinə nə dərəcədə hazır olduğunu daha yaxşı görəcəyik. Hələlik komanda rəqibin imkan verdiyi qədər oynayır.
FƏRİD
