“Sabah” ardıcıl ikinci səfər matçından 1:2 hesablı məğlubiyyətlə qayıdır. Ötən mərhələdə “Orxus” Danimarkada qalib gəlmişdisə, bu dəfə “Hapoel” eyni hesaba sevindi.

Fərq bu dəfə ilk qolu təmsilçimizin vurması oldu. Danimarkada təsəlli qoluna sevinmişdik, dünən isə beer-şevalılar geridönüş etməyi bacardı. Rumıniyada meydan sahibi olan srail təmsilçisi erkən qol buraxmağına baxmayaraq, istədiyi nəticəni aldı.

Çempionlar Liqasının pley-offunda zəif rəqib olmur. “Sabah”ın bəxtinə də əla yarımmüdafiə xətti olan komanda düşüb. Təmsilçimiz israillilərin müdafiəsindəki boşluğu tapa bildisə, rəqib orta sahəni işə salınca vəziyyət dəyişdi. Əslində, “bayquşlar”ın əks-hücumda bir neçə şansı oldu. Lakin bizim hücumçular şansı boşa verincə, “Hapoel” özünə gəlib bundan yararlandı.

Valdas Dambrauskasın yetirmələri ikinci qolu vursaydı, hər şey həll olunacaqdı. Amma bu alınmadı, əvəzində “Sabah” çox yersiz top buraxdı. Cərimə meydançasındakı qarışıqlıqdan yararlanan rəqib psixoloji, ardınca faktiki üstünlük qazandı.

Məğlubiyyətə baxmayaraq, hələ heç nə bitməyib. Bakıda bu komandanı yenmək mümkündür. Liqa mərhələsinə yüksəlmək şansının motivasiyası Masazır təmsilçisinə kifayət etməlidir. Daha dinamik oyunla “Hapoel”i cəzalandırmaq olar. Oyun  elə qurulmalıdır ki, Beer-Şeva təmsilçisinin kompakt yarımmüdafiəsi işsiz qalsın, əks halda, iş çətin olacaq. Rəqibin təzyiqini aradan qaldırıb üstünlük qurmaq üçün daha çox əziyyət çəkmək lazım gələcək.

Nəticə eyni olsa da, “Hapoel”in “Orhus”dan daha səviyyəli, daha möhkəm komanda olduğunu qeyd etməliyik. Ona görə də cavab matçında asan qələbə gözləməyə dəyməz. Ümumiyyətlə, mərhələ adlamaq asan başa gəlməyəcək. “Sabah”ın futbolçuları psixoloji təzyiq olmadan meydana çıxmalı və həmişəki oyununu göstərməlidir.

FƏRİD

Shares: