Türkiyə basketbolunun əfsanəvi simalarından Mehmet Okurun 2010-cu il təvəllüdlü oğlu Yiğit Okur İspaniyanın nəhəng klublarından olan “Barselona”ya transfer olunub.
Gənc basketbolçunun karyerasındakı bu mühüm addımı atası Mehmet Okur ictimaiyyətə açıqlayıb. Basketbol təhsilinə ABŞ-də başlayan Yiğit bundan sonra inkişafını Avropanın ən böyük klublarından birində davam etdirəcək.
Yiğit Okur son olaraq U-16 Avropa çempionatında nümayiş etdirdiyi performansla diqqətləri üzərinə çəkib. O, turniri orta hesabla 9,4 xal və 4,7 ribaundla başa vurub. Gənc forvard xüsusilə uzaq məsafədən dəqiq atışları ilə seçilib və üç xallıq atışlarda 41,9 faiz nəticə göstərib.
Bu transfer İspaniya basketbolunda mümkün türk duelinə də zəmin yaradıb. Belə ki, digər istedadlı türk basketbolçu Ömər Kutluay da “Real” formasını geyinir. Beləliklə, gələcəkdə Yiğit Okurla Ömər Kutluayın “Barselona” – “Real” qarşıdurmasında üz-üzə gəlməsi mümkündür.
