UEFA, eləcə də Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) birgə Millətlər Liqasının yaradılması variantını nəzərdən keçirir.
“The Guardian”ın məlumatına görə, bu təşəbbüs FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı təklifinə qarşı atılan addım kimi qiymətləndirilir.
Yenilənmiş turnirdə UEFA və CONCACAF-a daxil olan 96 milli komandanın iştirak etməsi planlaşdırılır. İlk mövsümün 2028-ci ildə başlaması, qrup mərhələsinin payızda, pley-off oyunlarının martda, final mərhələsinin isə iyunda keçirilməsi nəzərdə tutulur.
Turnirin iki ildən bir təşkili və komandaların əvvəlki kimi liqalara bölünməsi planlaşdırılır. Məsələn, A Liqasında Avropadan İspaniya, İngiltərə, Fransa və Almaniya, Şimali Amerikadan isə ABŞ, Meksika və Kanada çıxış edə bilər. Hazırda hər iki konfederasiyada Millətlər Liqasının oyunları milli komandalar üçün ayrılmış eyni vaxtlarda keçirildiyindən, yeni turnirin təşkili də asanlaşa bilər, lakin FIFA-nın belə bir layihəyə razılıq verib-verməyəcəyi hələ məlum deyil.
