Formula 1-də mübarizə aparan “Reysinq Bullz” komandasının pilotu Arvid Lindblad Belçika Qran-prisində istifadə etdiyi dəbilqəni xeyriyyə hərracında 60 min funt-sterlinqə (təxminən 81 650 dollar) satıb. Əldə olunan vəsait onun dostu Uill Makintayrın Kembricdəki Addenbruk xəstəxanası üçün MRT aparatının alınmasına yönəltdiyi ianə kampaniyasına köçürüləcək.

Lindblad bildirib ki, Makintayrı təxminən 10 ildir tanıyır və onlar 9-10 yaşlarında Böyük Britaniyada birlikdə kartinq yarışlarında iştirak ediblər. 18 yaşında avtoidmanla məşğul olan Makintayr son bir ildə çoxsaylı xəstəxanaya yerləşdirilmə, müayinələr, əməliyyatlar və kimyaterapiya proseslərindən keçib. Daha sonra ona olduqca nadir xəstəlik olan X-xromosomu ilə əlaqəli limfoproliferativ sindromun birinci tipi diaqnozu qoyulub.

Hazırda Makintayr Kembricdə beyin əməliyyatları keçirən xəstələrə ciddi kömək edə biləcək əməliyyatdaxili MRT skanerinin alınması üçün 6 milyon funt-sterlinq (təxminən 8,2 milyon dollar) toplamağa çalışır. Lindblad uşaqlıq dostunun kampaniyasına dəstək olmaq üçün yarış dəbilqələrindən birini hərraca çıxardığını və təşəbbüsə mümkün qədər çox insanın qoşulacağına ümid etdiyini söyləyib.

Shares: