“Gəncəbasar” Futbol Klubunun ictimaiyyət üçün təqdimatı keçirilib. Tədbirdə AFFA, Peşəkar Futbol Liqası, Futbolun İnkişaf Fondu, Gənclər və İdman Nazirliyi, klubların rəsmi şəxsləri, veteran futbolçular, iş adamları, həmçinin media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Həşim Mövsümzadənin klub prezidenti olması açıqlanıb. O, uzunmüddətli və dayanıqlı klub modeli qurmağa fokuslandıqlarını bildirib.

Klub rəhbəri “Gəncəbasar”ın strateji inkişaf planlarından danışıb, müəyyənləşdirilən hədəflər, infrastruktur və digər layihələr barədə ictimaiyyətə məlumat verib. Bildirilib ki, əsas məqsəd Gəncədə, bölgədə, bütövlükdə ölkədə futbolun inkişafına dəstək verməkdir: “Klubun gündəlik fəaliyyətinin idarə olunması üçün Namiq Qədirov peşəkar kadrları dəvət edib. Əsas məqsədimiz güclü futbol klubu yaratmaqdır. Uşaq futbolunun inkişafına da xüsusi diqqət ayrılacaq. Gəncə futbolunun tarixinə hörmətlə yanaşırıq və istəyirik ki, “Gəncəbasar” uşaq futbol akademiyasını yaradaq. İnanıram ki, bu məqsədə birlikdə çata bilərik”.

Ardınca komandanın baş məşqçisi Elhad Nəziri ictimaiyyətə təqdim olunub: “İlk hədəfimiz daha yuxarılara yüksəlmək və çempionluq idi. Lakin vaxt baxımından, eləcə də oyunçuların toplanması baxımından bunun həyata keçirilməsi mümkün olmadı. Digər planımız gənc komanda yaratmaq və gələcəkdə daha güclü “Gəncəbasar” formalaşdırmaqdır”.

Daha sonra çıxış edən Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev “Gəncəbasar”a fəaliyyətində uğurlar arzulayıblar.

“Bu tədbiri silsilə tədbirlərin davamı kimi dəyərləndirirəm. “Gəncəbasar” klubunun planları ilə tanışıq. Sevindirici haldır ki, bu klub təkcə əsas komandanın deyil, akademiyanın da inkişafına diqqət ayıracaq. Klubda təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Hesab edirik ki, “Gəncəbasar” nəinki I Liqada, gələcəkdə Premyer Liqada da uğurlu çıxış edə bilər”, – deyə Elgiz Abbasov qeyd edib.

rTpH6dO63h9mqU4JxAIw7DeWdc0wqq1CUKSJ5DuC 1200 - Futbolinfo.az

Klubun icraçı direktoru İlqar Nadiri bildirib ki, Azərbaycan I Liqasında çıxış edəcək komanda ev oyunlarını Gəncə stadionunda keçirəcək.

Sonda “Gəncəbasar”ın yeni maskotu da ictimaiyyətə təqdim olunub. Klubun maskotu canavar obrazında hazırlanıb.

GÜNAY SÜLEYMANOVA

Shares: