“Qəbələ”nin bu aqibətlə üzləşəcəyini hələ bir həftə öncə yazmışdıq. Mövsümün ilk turunda Tovuzda sərgilənən futbol bölgə təmsilçisinin aşkar autsayder olacağının xəbərçisi idi. O zaman bir çoxu məğlubiyyəti rəqibin gücünə bağlasa da, əsas səbəb Kaxaber Sxadadzenin yarıtmaz işidir. Dünən 2-ci turun açılış matçında bir daha təsdiqləndi.
Kaxaberin burnu pis qoxular alır. 3 ildir “Qəbələ”ni hətta ortabab komandaya da çevirə bilməyən gürcü baş məşqçi cavabını verə bilmədiyi suallardan yayınmaqla can qurtarmaq istəyir.
Kaxaberin qulağı istefa şüarlarına öyrəşməkdədir. Azarkeşərin onu getməyə səsləməsini buna onların hüququ olması ilə əlaqələndirir. Amma fanatlara heç bir vəd verə bilmir. Özü də bilir ki, seleksiyada bir çuval ənciri bərbad edib. Klub prezidenti Fariz Nəcəfovla şərik olaraq az-çox fərqlənən oyunçuları satıblar, daha çox pul xərclədikləri yenilər isə bir işə yaramır.
Kaxaberin gözü kor deyil, amma özünü hamıdan ağıllı göstərməyə çalışır. Guya ki, “Qəbələ” bir neçə şansı boşa verib, “Şəfa” isə yeganə qol epizodunu reallaşdırıb. Oyunun icmalına baxıb onun yalanını görə bilərsiz. Qapıçı Səlahət Ağayev dünən bəlkə də karyerasının ən yaxşı oyununu keçirdi, azı 3 dəfə real qolun qarşısını aldı. Gürcü mütəxəssis qolkiperinin əlcəklərinin halına baxsa, pis olmaz, bəlkə də təzəsini almaq lazım gələcək.
Kaxaberin ağzı yalan danışmağa öyrəşib. Komandanı I Liqaya endirdi, daha sonra maliyyəsinə görə “Qəbələ” ilə rəqabət aparanın tapılmadığı bu yarışda qalib gələrək Premyer Liqaya qayıtdılar – ötən mövüm elitada qalmaq üçün pley-off oynadılar, bu il də aşkar autsayderdirlər. İndi o nə danışır-danışsın, bölgə təmsilçisini parlaq gələcək gözləmir. Heyət yaxşı komplektləşməyib, üstəlik, əksər oyunçular məşqlərdə yalnız söyüş “öyrədən” gürcüdən bezib.
Kaxaberin ayağı istefanın eşiyindədir. Amma Nəcəfov nə onu qovacaq, nə də hesabat istəyəcək qədər cəsarətlidir. Çünki nə ediblərsə, birlikdə ediblər, nəticələrə də şərikdirlər. Yalnız əsas himayədar Tale Heydərov radikal qərar verə bilər, o da ki…
Kaxaberin sifəti xəcalətdən qızaran deyil. Üzündə qırmızılıq varsa, istirahət etməkdən, çox yeməkdəndir.
Kaxaberin çənəsi əsən vaxtadək postunda saxlanmasına gərək yoxdur. “Qəbələ” rəhbərliyi tələsməlidir. Evdə “Şəfa”ya uduzmaq mövsümün ən zəif komandası olmaq deməkdir. Məşqçinin adaptasiya dövrü ilə bağlı dediklərinin bəhanə olduğunu debütant sübut etd. “Şəfa” sıfırdan yığılan komandadır, bütün oyunçuları yenidir, amma onlar meydan sahiblərinə futbol dərsi keçdi. Zaur Həşimov öndə pressinq etməklə, anlaşmanı daha yaxşı səviyyəyə çatdırmaqla qəbələlilərin qapısına həbs olunmasına nail oldu. Halbuki bunu Sxadadze etməliydi.
Sxadadzenin əli havada qalacaq. Vidalaşmaq üçün, sağollaşmaq üçün… Dünən mövsümə əla başlayan “Zirə”yə uduzan “İmişli” də “Qəbələ”dən daha yaxşı futbol oynadı. Gürcü tez qovulmalıdır ki, onu əvəz edəcək məşqçinin komandanı toparlamağa vaxtı olsun. Bərbad çıxış Nəcəfovun işinə yarayırsa, qışda yeni transferlər üçün sponsorlardan əlavə maliyyə almağa hesablanıbsa, bazar olsun. Deyəsən, akademiyanı da bunun üçün bağladılar ki, əcnəbi transferi daha SƏRFƏLİdir.
FƏRİD
