“İmişli” tezliklə yeni vingerinə qovuşacaq. Bölgə təmsilçisi transferi rəsmiləşdirmək üçün bütün detallarda razılaşdığı legionerlə müqavilə bağlamağa hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, adı gizli saxlanılan oyunçu ən geci sabah klubun düşərgəsində olacaq. O, heyətdən kənarlaşdırılan Nikola Karaklaiçi əvəz etməlidir.
31 yaşlı Karaklaiç məşqçilər heyətinin komandada görmək istəmədiyi oyunçudur. Yeni baş məşqçi Fərid Namazov sələfinin vaxtında gətirilən, ötən mövsüm “İmişli”nin formasını geyən serbin göndərilməsini tələb edir. Klub rəhbərliyi də Nikolanın aldığı yüksək məvacibin qarşılığını vermədiyini düşünür. Lakin Karaklaiç gedişi müqabilində təzminat tələb edir və müqaviləni qarşılıqlı razılıqla pozmaq niyyətində deyil.
Rəhbərliyin təklifinə dəfələrlə mənfi cavab verən cinah oyunçusu bu səbəbdən əvəzedici komandaya göndərilib. Bir illik anlaşması qalan Nikola daha yaxşı təklifi olmadığından burada da oynamağa razıdır.
