Çin Qran-prisi 2027-ci il Formula 1 mövsümünün ilk yarışı ola bilər. Çempionat Bəhreyn və Səudiyyə Ərəbistanında mövsümə başlaya bilməsə, Çin əsas alternativ variantlardan biri hesab olunur.
“The Race” portalınınməlumatına görə, Formula 1 fevralda ABŞ ilə İran arasında başlayan münaqişədən sonra Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir. Yaxın həftələrdə veriləcək qərarlar həm bu mövsümün son yarışlarına, həm də 2027-ci ilin təqviminə təsir göstərə bilər.
İlkin plana əsasən, 2027-ci il mövsümü Yaxın Şərqdə iki yarışla başlayacaq: martın 14-də Bəhreyn, martın 21-də isə Səudiyyə Ərəbistanı Qran-prisi keçiriləcək. Bundan bir həftə sonra isə Avstraliya, Yaponiya və Çində ardıcıl üç yarışın keçirilməsi nəzərdə tutulur. Lakin sentyabrın sonunadək regionda vəziyyət yaxşılaşmasa, Formula 1 mövsümün start planını dəyişməli ola bilər.
Əsas alternativ ssenariyə görə, çempionat mart ayında Çin Qran-prisi ilə başlayacaq və ardınca Yaponiya mərhələsi keçiriləcək. Mövsümün startını daha erkən tarixə Avstraliyaya keçirmək isə mümkün deyil. Melburnda pit-leyn binasının tikintisi planlaşdırılan vaxtdan əvvəl başa çatmayacaq. Buna görə də əvvəllər dəfələrlə mövsümün açılış yarışına ev sahibliyi edən Avstraliya Asiya mərhələlərindən sonra keçirilə bilər. Bu halda Avstraliya ya Çin və Yaponiya ilə birlikdə üç yarışlıq seriyanın üçüncü mərhələsi olacaq, ya da ayrıca keçiriləcək.
Bundan sonra Formula 1 Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin apreldə keçirilib-keçirilməyəcəyinə qərar verməli olacaq. Bunun üçün Yaxın Şərqdə vəziyyətin yaxşılaşacağına ümid etmək və ya bu yarışları daha gec tarixə keçirməklə təqvimin qalan hissəsini də təxirə salmaq variantları nəzərdən keçiriləcək.
