“Qarabağ” çox risk etdi və bədəlini ağır ödədi. Heyəti az qala bütünlüklə dəyişməyin fəsadı avrokuboklarla erkən vidalaşmaqla nəticələndi.

Bəlkə də bir neçə il öncə pley-offda mübarizəni dayandırmaq normal qarşılanardı. Lakin “Qarabağ” gözləntiləri o qədər yüksəldib ki, indi qrup mərhələsinə düşməmək uğursuzluq sayılır.

12 illik bir mərhələ bitdi. “Tvente” üzərində qələbəyə çevrilən heç-heçələrlə başlayan tarix elə Niderland klubu ilə görüşdə yekunlaşdı. İndi “Qarabağ” yeni, bəlkə də daha uğurlu mərhələni başlamaq üçün hər şeyi sıfırdan qurmalıdır. Yox, “sıfır”dan deməyək – zəngin təcrübə, əla imkanlar, yaxşı heyət var. Bəlkə də qitə yarışlarında fasilə yenilənmə üçün yerinə düşəcək. Tamamilə yenilənən komandanı formalaşdırmaq, təzə transferlərin Qurban Qurbanovun dəst-xəttinə uyğunlaşması üçün bu uğursuzluğu fürsətə çevirmək olar.

“Qarabağ” ötən mövsüm Çempionlar Liqasında boyundan hündürə tullanmışdı. Həmin yarışda özünü göstərən Kamilo Duran, Leandro Andrade kimi oyunçular daha yaxşı təklif alaraq getdi; Toral Bayramov və başqaları heyətə düşə bilmədiyi üçün yeni yol axtarışına çıxdı; Abdullah Zubir, Kevin Medina kimi təcrübəlilər ÇL-dən sonra motivasiya tapa bilməyib daha çox qazanmaq üçün ekzotik çempionatlarda çıxış etməyi lazım saydı.

Və bütün bunlar “Qarabağ”ı yenilənməyə vadar etdi. Lakin kütləvi dəyişiklik fəsadlarla gəldi. Yeni transferlər ya heyətə uyğunlaşmağa yubandı, ya da yersiz zədələr üzündən kənarda qaldı. Belədə komanda son matçlara yarımcan halda çıxdı. “Tvente”yə yenilginin də səbəbi budur. “Qarabağ” tam heyətlə oynasaydı, Qurbanovun rotasiya etmək, əvəzetmələrlə gedişatı dəyişmək imkanı olsaydı, indi fərqli cümlələr oxuyurdunuz.

Niderlanddakı matçda qələbə də bu heyətlə qazanılmışdı. İlk görüşdə qələbə Qurbanovun məşqçi zəkası, təcrübəsi ilə əldə edilmişdi. Lakin dünən bu da yetərli olmadı. Rəqib ağdamlıları düzgün analiz edərək çatımazlıqlardan maksimum faydalandı. “Qarabağ” hər şeyi düzgün edərək hesabı da açmışdı. Davamını gətirməyə güc çatmadı. Ehtiyat qüvvəni düzgün dəyərləndirməyən Qurban bəy də əvəzetmələrdə tələsdi/yanıldı, oyunçular qorxaq futbol oynadı və məğlubiyyət reallaşdı.

“Qarabağ”ın bacardığı ən yaxşı şey hücum futboludur. Dünən heyət yetərsizliyi üzündən komanda müdafə olunmaq məcburiyyətində qaldı. Bu isə uğursuzluğa gətirib çıxardı.

Avrokubokda yenə bir komanda ilə təmsil olunacağıq. “Qarabağ”dan bütün titulları alan “Sabah” Çempionlar Liqasına Liqa mərhələsinn vəsiqəni qazanmağı da bacardı. Bununla ağdamlıların illərdir çiyninə götürdüyü Azərbaycan futbolunun yükü indi “bayquşlar”ın üzərindədir. Təsadüfə bax ki, “Sabah” son saniyə qoluna sevinib yoluna davam edirsə, “Qarabağ” eyni ssenari ilə tərs zərbə aldı.

“Qarabağ” bu il transferlərə çox pul xərclədi. Bəlkə də yayda yeni legionerlərə verilən məbləğ ümumilikdə 10-12 il ərzində sərf olunmamışdı. Və bunun nəticəsi yalnız ölkə çempionatında mübarizə aparmaq ola bilməz. Ağdamlılar mütləq yenidən qayıdacaq.

Klub dünən yeni transferlərini stadonda, Konfrans Liqasının pley-off matçının fasiləsində açıqladı. İndiyədək bunu etməmişdilər, bəlkə də belə addımla rəmzi mesaj verdilər. Bu, yeni “Qarabağ”ın siqnalı idi…

FƏRİD

Shares: