İncəsənət nümayəndələrimiz arasında təkcə öz sənəti ilə deyil, futbol və idmanla da nəfəs alan çox dəyərli aktyor və rejissorlarımız var. Onlardan biri də bir neçə serialın rejissoru olmuş, bəzən də özü də rol alan Ramin Hacıyevdir. Tez-tez feysbukda futboldan statuslar yazan Ramin bəyi diqqətdən kənarda saxlaya bilməzdim. Onunla görüş təyin edib “dərdimizi təzələdim”.
– Futbola sevgi sizdə haradan yarandı?
– Uşaqlıqdan. Kiçik yaşlarımdan atam bizi həmişə “Kəpəz”in oyunlarına aparırdı. İli dəqiq yadıma gəlməsə də, “Kəpəz”in Rusiyanın ÇSKA klubu ilə matçını stadiondan izləməyimiz yadımdadır. Təxminən ötən əsrin 80-ci illəri idi. Özüm də uşaq ikən tez-tez küçədə futbol oynayırdım.
– Bəs nə vaxtsa futbolçu olmaq istəmisiniz?
– Xeyr. Bizim yanımızda sovet vaxtı çox məşhur olan məşqçi var idi. Söhbət hamının “Dyadya Kostya” kimi tanıdığı Kostantin Abramenkodan gedir. Dostum olan sinif yoldaşım futbola onun yanına yazılmışdı. Mən isə bu idman növünü sevsəm də, özümü futbolçu kimi görmürdüm. Amma qapıda yaxşı dayanırdım. Bəlkə də uğur qazana bilərdim, lakin bunun üçün motivasiya lazım idi. Futbolu seçməməyim ilə bağlı peşmanlığım yoxdur. Lap ölkənin ən yaxşı qapıçısı olsaydım, nə qədər məşhur olacaqdım? Nəzərə alsaq ki, 50 yaşım var, karyeramı 2005-ci ildə başa vuracaqdım. O dönəmdə ciddi uğur qazanmayacaqdım. Elə həmin sinif yoldaşım da futbolu yarımçıq bitirdi.
– Həmin dövrdə “Kəpəz”də ən sevdiyiniz futbolçu kim olub?
– Hamısı. Bütün oyunçuları tanıyırdım. 1 nömrə Xaliq Qafarov, 10 və 11 nömrələr İmamyar ilə Yadigar Süleymanovlar, 9 nömrə Ceyhun Tanrıverdiyev, 7 nömrə Mahmud Qurbanov, 3 nömrə Cavid Əliyev. Asif Əliyevin isə vida matçında olmuşam. Ləqəbi də “Taxtabaş” idi (gülür).
– “Kəpəz”in çempion olduğu dönəmi necə dəyərləndirirsiniz?
– Mən o vaxt “Kəpəz”in fan-klubunda idim. Biz “İkarus” markalı avtobusla Bakıya gəlirdik, komandanı dəstəkləyirdik, sonra Kürdəmirdə kolbasa-çörək yeyib Gəncəyə qayıdırdıq.
– “Kəpəz”in hazırkı hala düşməsi sizə necə təsir edir?
– Həddindən artıq pis. Azərbaycanın ikinci böyük şəhərinin klubu bu vəziyyətə düşməməli idi. “Kəpəz” elə-belə komanda olmayıb, vaxtilə SSRİ yüksək liqasında mübarizə aparıb, müstəqillik illərində isə 3 dəfə çempion və 2 dəfə ölkə kubokunun qalibi olub. Sonra isə yavaş-yavaş eniş başladı. Təbii ki, sponsorla bağlı məsələdir. Pul olmayandan sonra uğur qazanmaq qeyri-mümkündür.

– İndiki “Kəpəz” haqda nə deyə bilərsiniz?
– Çox zəifdir. Bu mövsümün ilk turunda dostlarımla birgə “Kəpəz”in “Sabah”la matçına baxmağa getdik. Klubun idarə heyətindən olan biridir. Deyirdi ki, görürsən, gül kimi oynayırıq, qol vura bilmirik. İstədim cavab verim ki, vallah, gül kimi oynamırıq. “Sabah” ikinci heyətlə meydana çıxmışdı. İkinci hissədə əsas “11-lik”dən 3-4 futbolçunu buraxdılar və iki qol vurdular.
– Avqustun 31-də Qərb derbisi olacaq. “Kəpəz” yenilənmiş stadionunda ilk oyununa çıxacaq. Ora getməyi planlaşdırırsınız?
– Çalışacağam. Belə bir planım var, ancaq imkan olub-olmayacağını bilmirəm. Getməyi çox istəyərdim. Dəvət də ediblər, mənim də ürəyim istəyir.
– Masazırda yaşayırsınız. “Sabah”ın ev matçlarına tez-tez gedə bilirsiniz?
– 2015-ci ildə Masazıra köçdüm. Ora çox xoşuma gəlir, havası da yaxşıdır. 2 il sonra isə “Sabah” klubu yaradıldı. Cənab Prezident stadionunun açılışında olanda mən də orada iştirak etmişəm.
– “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində bircə oyununu Masazıra salsalar, oranın yolları düzələcək?
– Əslində, bunu sosial şəbəkə hesabımda sarkazmla yazmışdım. Yəni bəlkə heç olmasa onda düzəltdilər. Çünki hansısa əlamətdar hadisə olanda belə problemlərə fikir verirlər. İstəməzdim ki, avropalıların qarşısında biabır olaq. Çox təəssüf ki, “Sabah” Çempionlar Liqasında Masazırda oynamayacaq. Hələ “Qarabağ” da Konfrans Liqasının Liqa mərhələsinə düşsəydi, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü çox yüklənəcəkdi.
– Başqa bir paylaşımınızda qeyd etmişdiniz: “O ki imkan vermədiniz e “Turan Tovuz”a, ona görə də futbolumzun “Sabah”ı yoxdur”. İndi də belə düşünürsünüz?
– Təbii ki, futbolumuzun “Sabah”ı var, amma bu ifadədə “sabah” sözünü biz hansı formada anlayırıq? Bu gün klubumuz Çempionlar Liqasının əsas mərhələsinə yüksəlirsə, futbolumuzun sabahı var. 30 il əvvəl bunu yalnız yuxuda görə bilərdik, bu gün isə “Sabah” pley-offun ilk matçında səfərdə 1:2 hesabı ilə məğlub olanda belə, biz artıq narahat oluruq. Deyirik ki, niyə uduzdu, qalib gələ bilərdi. Əlbəttə, bu, artıq inkişafımız, uğurumuzdur.
– “Sabah”ın bu yüksəlişini nə ilə əlaqələndirirsiniz?
– “Qarabağ”ın inkişafı ilə. “Sabah” da bundan nümunə götürdü.
– “Qarabağ”ın çıxışı barədə nə deyə bilərsiniz? Bu klub sizə doğma gəlir?
– Əlbəttə, lakin “Qarabağ”a yalnız avrokuboklarda azarkeşlik edirəm. Daxili turnirlərdə isə bu komandanı dəstəkləmirəm, çünki “Kəpəz”in əbədi rəqibi olub. Elə “Neftçi” və “Turan Tovuz” da. “Kəpəz” mənim üçün prioritet, bir nömrədir. “Turan Tovuz”u da çox xoşlayıram.
– Ancaq Qərb derbisində prinsipiallıq var…
– Bilirsiniz, həm “Kəpəz”in, həm də “Turan Tovuz”un yaxşı nəticələr əldə etməsini istəyirəm. Onların uğurlarına sevinirəm, çünki bu, bizim regionun klublarıdır. Sözügedən məsələdə prinsipial mövqe tutmuram.
– “Neftçi”nin illərdir bu vəziyyətdə qalması bir futbolsevər olaraq sizi məyus edir?
– “Neftçi” vaxtilə çoxlu titullar qazanıb, amma indi daha yaxşı komandalar olduğu üçün 2-3-cü yerlərdədir.
– Millimizin uğursuz nəticələri barədə nə düşünürsünüz?

– Mənə elə gəlir ki, uşaq futbolundan başlamaq lazımdır. 30 il əvvəl bu məsələyə fikir verilsəydi, indi hər şey daha yaxşı olardı. Mahir Emreli, Nəriman Axundzadə kimi futbolçularımız daha parlaq çıxış edərdi. Lakin bu məsələyə diqqət ayıran olmadı, uşaqlar elə başlı-başına oynadılar. Düzdür, Braziliyada da belə oynayırlar, ancaq təbii ki, onlarla bizimkilər arasında böyük fərq var. Uşaq futboluna mütləq diqqət ayrılmalıdır. Bu gün bünövrəsi qoyulsa, 20 ildən sonra çox istedadlı oyunçularımız olacaq.
– Sizcə, uşaq futbolumuzun bu səviyyədə olmasının səbəbi nədir?
– Bilmirəm, bu haqda tam məlumat yoxdur. Yəqin ki, mütəxəssis çatışmazlığı və ya inkişafa maraq yoxdur. Böyük futbolda Avropadan mütəxəssislər gətirilirsə, deməli, bunu uşaq futbolunda da etmək mümkündür.
– Bəlkə uşaq futbolunda bunu etmək daha çətindir?
– Yox, niyə çətin olsun ki? Seleksionerlər yaxşı işləməlidirlər. Dünyada istedadlı azyaşlı futbolçular tapılırsa, bizdə də belələri var. Arada “TikTok”da 10-12 yaşlı uşaqların necə oynadığını görürəm. Onların inkişafı üçün bizdə şərait yoxdursa, başqa ölkələrə göndərmək lazımdır. Bu da maliyyə tələb edir.
– Yuxarıda Axundzadənin adını çəkmisiniz. Paylaşımlarınızdan birində qeyd etmişdiniz ki, Nərimanı tanımıram, amma qıraqdan tapşırılmış qabiliyyətsiz insana bənzəyir.
– Hansısa matçın gedişatında yazmışdım. Nəriman 2024-cü ildə “Braqa” ilə oyunda “Qarabağ”ı Avropa Liqasının 1/8 finalına aparan qolun müəllifi olub, bunu danmaq olmaz. Lakin futbolda və ümumiyyətlə idmanda səni bu gün alqışlayırlar, sabah yıxılan kimi tənqid edirlər. Səhnə də elədir.
– Sizə elə gəlmir ki, Nərimanı buradan küsdürdülər? Məsələn, “Ayaks”la matçın ikinci hissəsində meydana çıxdı və sonra çox tənqid olundu.
– Axı oynaya bilmədi. Qurban Qurbanov ona şans verdi də.
– Bəzi azarkeşlər yazırlar ki, Nərimanı küsdürdülər, o da ABŞ-yə getdi…
– Adam küsəndə ABŞ-yə yollanır? (gülür) Kaş mən də küsəndə ora gedərdim.
– Bir də də “Olar ki, Mahir oynamasın?” yazmışdınız…
– Bu, aktual paylaşımlardır. Həmin vaxt bu futbolçuların oyunu alınmayıb.
– Emrelinin Avropada tez-tez klub dəyişməsini necə dəyərləndirirsiniz?
– Bilirsiniz, nəyi müşahidə etmişəm? Biz sanki ərköyün uşaqlarıq. Emreli ilə Axundzadə Avropa və ABŞ-yə getdilər. Biz isə heç kimi bəyənmirik. Bəlkə də qıraqdan belə görünür, ancaq əslində necə olduğunu bilmirəm.
– Anar Mədətovla münasibətləriniz var? Mahirlə bağlı nə fikirləşir?
– Yaxşı münasibətlərimiz var. Atasıdır da, hərdən studiyasına gedəndə deyir ki, bu gün oğlum oynayır. Oturub matça baxırıq. Təbii ki, həyəcan keçirir, azarkeşlik edir.
– Gürcülər tək futbolda bizə dərs vermirlər. Düzdür, SSRİ dönəmində Gürcüstanın bizimlə müqayisədə daha böyük futbol ənənələri, daha yaxşı oyunçuları olub. Amma bizim potensialımız ümumən daha yüksəkdir. Buna baxmayaraq, gürcülər sanki inkişafa meyilli oldular, biz isə yox…
– Bəli, gürcülər özləri inkişaf etmək istəyirlər. Bir də var ki, bunu istəməyəsən. Məsələn, Emreli ilə Axundzadə bunu istəmirlər. Məqalə oxudum, ABŞ-də Nərimana fiziki hazırlığının yaxşı olmadığı, daha çox məşq etməli olduğu deyilib, o da klubdan ayrılıb. Bu təzyiqə dözmürlər. İndi isə Xviça Kvaratsxeliyaya bax. Onların mentaliteti fərqlidir. Gürcülərin Şota Arveladze kimi futbolçusu olub, “Ayaks”da çıxış edib. Bizimkilər haradadır? Mahir Polşanın “Rakuv” klubunda, Nəriman isə ümumiyyətlə Türkiyə “Erzurumspor”una keçdi…
– “Turan Tovuz”un oyunları tez-tez hakim səhvləri ilə yadda qalır. Elə özünüz də yazmışdınız ki, AFFA-nın bu kluba göstərdiyi münasibət düşmənçilikdən başqa nə deməkdir?

– Ötən mövsüm “Turan Tovuz” avrokuboklara vəsiqə qazandı, AFFA isə UEFA-dan gələn məktubla bağlı kluba vaxtında məlumat vermədi. İnanmıram ki, “Turan Tovuz”un özündə səhlənkarlıq olub. AFFA klubu xilas edə bilərdi. Ya da bu mövsüm “Turan Tovuz”un “Şamaxı” ilə oyununda sayılmayan qolu… Əslində, AFFA-nın vəziyyətdən çıxmaq üçün kifayət qədər alibisi var. Çünki görüntü olaraq topun qapı xəttini keçməsi iri planda göstərilməmişdi. Hərçənd qıraqdan görüntülər var, ancaq artıq gecdir. Lap deyək ki, AFFA sonradan səhvini qəbul etsəydi, nə dəyişəcəkdi? “Turan Tovuz”un birbaşa 2 xalını “yedilər”.
– Ümumiyyətlə, bir rejissor kimi Azərbaycan Premyer Liqasının çəkilişi hansı səviyyədədir?
– Yaxşıdır. Mən televiziyada fəaliyyətə başladığım 2002-ci ildə indiki çəkilişi yalnız arzulaya bilərdik. Kanal rəhbərliyinə 7-8 kameranın lazım olduğunu söyləyirdik. Bu sayda avadanlıq ya olmurdu, ya da başqa verilişlərdə istifadə edilirdi. İndi isə oyunlar 7-8 kamera ilə çəkilir. Sadəcə rejissorun və operatorun səhlənkarlığı var, bu cür epizodları görməlidirlər. Sizə bir hadisəni danışım. O vaxt ANS kanalında operator var idi, dostumuz idi. “Simurq”un matçını çəkmək üçün Zaqatalaya getmişdilər. 2:0 hesabı qeydə alınsa da, onun kamerasında 0:0 idi, yəni qolları çəkməmişdi (gülür). “Turan Tovuz” – “Şamaxı” matçında da həmən səhlənkarlıq oldu.
– Özünüz səyyar televiziya stansiyasında hansısa oyunun rejissoru olmusunuz?
– Səyyar televiziya stansiyasında çox işləmişəm. Peşəkar deyil, media futbolunda olmuşam. Peşəkar idmana gəlincə, voleybol üzrə Azərbaycan çempionatının matçında. Orada çətin heç nə yoxdur. Sadəcə hamı öz tapşırığını bilməli və gedişatda operativ olmalıdır. Elə operator da bu sözdən götürülüb. Yəni ki, cəld olmalısan.
– Azərbaycan futbolu haqda film çəkmək istəyərdiniz?
– Belə bir ideyam yoxdur, amma niyə də olmasın? Maraqlı hekayə fikirləşmək olar. Əsasən ABŞ filmlərində gördüyümüz ssenari, yəni hansısa komandanın qələbəsi haqda. Azərbaycanda da bunu etmək mümkündür.
– Sizə bununla bağlı heç vaxt müraciət edən olmayıb? Məsələn, Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” filmi çəkilib.
– Kiminsə haqqında çəkilən film və bədii film başqa şeylərdir. Yox, mənə müraciət edilməyib. 2000-01-ci illərdə “Space” kanalında rəhmətlik Ramiz Hüseynzadə ilə “Futbol+Qol” verilişimiz var idi. “Şəfa”nın Azərbaycan Kubokunun qalibi olduğu il idi. Ramiz verilişin yaradıcısı və aparıcısı, mən isə müxbir idim. Komandalar haqda maraqlı süjetlər hazırlayırdıq.
– Bəs Azərbaycan futbolu haqda sənədli film çəkərdiniz?
– Böyük məmnuniyyətlə. Ümumi hadisəni qurmaq üçün dramaturji xətt lazımdır. Yəni əvvəl problemi, sonra isə həllini göstərirsən. Mən də bu mövzuda çəkərdim. Məsələn, uşaq futbolundakı problemləri işıqlandırardım. Ancaq əvvəlcə bu sahəni dərindən araşdırardım, çünki tam məlumatım olmalıdır. Elə-belə “film çəkərdim” deməklə deyil.
– Bu yaxınlarda belə bir paylaşım etmisiniz: “Atletikanın inkişafı naminə yeni əməkdaşlıqlara doğru”. Orada sizin işiniz nə olacaq?
– Şükran Soltanovu bloqçu olaraq, həmçinin bizim komandanı dəvət etdilər. Bilirsiniz ki, Azərbaycanda atletika bir qədər az inkişaf edib. Uşaqları buna cəlb etmək üçün reklam xarakterli mövzularda çəkilişlər oldu. Hər bir rayonda olacaq, 13-16 yaşlı uşaqları göstəririk. Məsələn, Göygöldə çəkiliş oldu. Göstəririk ki, uşaqlar yarışlarda iştirak edə bilərlər. Növbəti seleksiya Astara, Quba və Qusarda olacaq. Hər ay mütəmadi nəzərdə tutulub. Azərbaycan Atletika Federasiyası bizim simamızdan istifadə edərək uşaqları cəlb edirlər.
– Sizcə, atletika Azərbaycanda perspektivli sahədir?
– Məncə, bəli. Nazim Babayev, Ramin Quliyev kimi idmançılarımız var. Onsuz da dünyada atletika ilə məşğul olan 100 nəfərin 90-ı uğur qazanmır. Bizdə isə bu idmançıların 2-3 faizi bunu bacarırsa, nailiyyətdir. Amma daha çox ola bilər, çünki bizim uşaqlarda bu potensial var. Ola bilsin, futbolda belə potensialımız yoxdur, lakin atletika və güləşdə yaxşıyıq.
– Azərbaycanda komanda idman növləri axsayır. Bu nə ilə bağlıdır?
– Bu, psixologiyadan da irəli gələ bilər. Ancaq mən psixoloq deyiləm ki, bu barədə dəqiq danışım. Bunun cavabı məndə deyil.

– Bəs kinoda belə bir problem var?
– Kinoda da belədir. Zəncir kimidir: kollektivdə bir bənd düz işləməsə, qırılacaq. Elə futbolda da hansısa oyunçu ötürmə edə və ya qol vura bilməsə, eyni hal yaşanır. Amma gürcülərdən fərqli olaraq, kinomuzun dünya səhnəsinə çıxa bilməməsinin səbəbi kollektiv deyil. Bizim məktəbimiz və mentalitetimiz başqadır. Gürcülərdə Avropa təfəkkürü 60 faizdirsə, bizdə 40 faizdir. Dünya miqyasında kinemotoqrafiya düşüncəsi də təxminən belədir. Düzdür, biz “Nəsimi” və “Babək” kimi filmləri çəkmişik, lakin bunu Avropa deyil, özümüz üçün etmişik. Əslində, gənc azərbaycanlı rejissorların Kann Festivalında nümayiş etdirilən filmləri var. Sadəcə biz tammetrajlı filmlərdən yapışmışıq. Lakin elə dərin düşüncəli rejissorlarımız var ki, qısametrajlı filmləri mükafatlar qazanıb.
– Deyirsiniz ki, festivallara gedirlər, mükafatlar alırlar, özüm də bu xəbərləri oxuyuram. Ancaq çəkdiyi filmlər dünya kinoteatlarını “gəzmir”, əsas problem budur…
– Çətindir də. Hər şey artıq çəkilib. Yeni nəyisə kəşf etmək üçün istedad lazımdır. Məsələn, Kventin Tarantino tərsinə film çəkməyi kəşf etdi. O, ayrı istedaddır.
– Yazmışdınız ki, Yaponiyanın karate məktəblərində Rafael Ağayevin şəkilləri asılıb. Ona niyə bizim ölkədə lazımi dəyər verilmədi?
– Belə deməzdim. Dövlətin ona nə qədər dəstək göstərdiyini deyə bilmirəm, amma xalq Rafaelə layiq olduğu dəyəri verib. Çox sevilən insandır. Sosial şəbəkələrdə Yaponiya məktəblərində Rafaelin şəklinin Brüs Li ilə yan-yana asıldığını gördüm. Bu, adi bir şey deyil. Rafael o qədər dünya şöhrətlidir ki, hər sahədə əllərdə gəzdiriləsi insan olmalıdır. O, çox nadir, istedadlı idmançılardan biridir.
– Rafael ilə münasibətləriniz var?
– Dostumuzdur. Mənə elə gərlir ki, hamının dostudur.
– Lakin yenə də bizdə sanki hətta böyük uğurlar qazanan idmançılara futbolçularımız qədər dəyər verilmir, yalnız müəyyən vaxtlarda yada düşürlər…
– Futbol daha çox göz qabağındadır. Bu dəqiqə 10 nəfərdən Çempionlar Liqasının nə vaxt başlayacağını və güləş üzrə son Avropa çempionatının harada keçirildiyini soruş. İkinci sualın cavabını 1 nəfər bilər, ya yox… Ancaq Olimpiadada Hacı Əliyevə necə azarkeşlik edirdik. Deməzdim ki, az yada düşürlər. Bəlkə də onlarla daha çox ünsiyyətdə olduğuma görə mənə elə gəlir. Hər bir idmançını, bütün güləşçiləri görəndə qucaqlayıb bağrıma basıram. Onları özümə doğma kimi bilirəm. Sadəcə futbol daha çox gündəmdədir.
– Yeri gəlmişkən, Kriştianu Ronaldonun Tiflisi “Dinamo”sunun Futbol Akademiyasının açılışındakı fotolarını gördünüz? 10 il sonra nəticə verdi.
– Hə, Kvaratsxeliya da orada idi.
– “Düzdür, sizin vecinizə də deyil, amma hər dəfə millinin çıxışında siz böyük hərflərlə yada düşürsünüz” – bunu yəqin ki, AFFA-ya ünvanlamısınız?
– Hə. Böyük hərflərlə “ürəksiniz” (gülür).
– Sizcə, Azərbaycanda güclü futbolçuların üzə çıxmamasında günahı AFFA-da görmək olar?
– Bilirsiniz necədir, hər şeyin başında kimsə durmalıdır. Məsələn, uşaq pis hərəkət, şuluqluq edəndə valideynini çağırırlar. Futbolun da başında AFFA dayanıbsa, başqa kimə deyilməlidir?
– Bəs klublar futbolçu yetişdirməkdə maraqlı deyilsə, AFFA buna qarışmalıdır?
– Niyə qarışmalı deyil ki? 2024-cü ilin dekabrında Messi Bakı Kristal Zalında keçirilən tədbirə gəlmişdi. Amma hansısa futbol akademiyasının açılışına gəlsəydi, 9 il sonra bizim Kvaratsxeliyamız üzə çıxa bilərdi. İnsan buna yanır, başa düşürsünüz? Gürcü futbolçular Avropada oynamağa, özlərini göstərməyə can atırlar. Bizimkilər isə bir müddət sonra ölkəyə qayıdırlar. Günah təkcə AFFA-da deyil, bizim özümüzdə də çox şey var. Xarakterimiz belədir, nə edə bilərik?
TAHİR MİRZƏ
