Milli komanda
Abasov millidə yerli məşqçinin işləməsini istəyir: “Əcnəbiyə verilən pulu çölə atacağıq”
“Zirə”nin baş məşqçi postundan ayrılanı işsiz qalan Samir Abasov dəvət gözləyir. Hələlik heç bir təklif almayan gənc çalışdırıcının buna ümidi də azdı.
Komanda.az-a danışan Abasov oktyabrdan bu yana heç təklif almadığını bildirib: “Yox, heç bir təklif yoxdur. Elə məşqçilər var ki, illərlə işsiz qalır. Mən bunu dərd eləmirəm. Təklif olacaq işləyəcəm, olmayacaq da futboldan uzaqlaşacam. Bu gün hardansa təklif yoxdur. Olacaqsa, olar, olmayacaqsa da, Allah kərimdir”.
Samir bəy milli komandanın boş qalan baş məşqçi postuna ancaq əcnəbilərin namizəd olmasından narahatdı: “Bu mövzu artıq çox danışılıb. Kimdən soruşulubsa, bunların içində futbol adamları da var, deyiblər ki, yeni məşqçinin yerli olması yaxşıdı. Mən də bu fikirdəyəm. İnandırım sizi, bu fikir heç kimi maraqlandırmır. Yerli olması da mümkünsüz görünür. Ancaq bu o demək deyil ki, mən fikrimi dəyişib, xarici məşqçi istəyəcəm. Xarici məşqçinin bizə verəcəyi bir şey yoxdur. Artıq futbolçular da, futbol adamları da – hamısı yerli məşqçinin üstündə durur. Ancaq bu fikir kimi maraqlandırır? Siz soruşun, biz deyək, ancaq nə dəyişəcək? Pul mənim deyil, atamın deyil. Biz pulu elə-belə atacağıq çölə. Bu pulu başqa yönə – xeyir verəsi şeyə həsr edə bilərik. Gələn xarici məşqçinin xeyri də dəyə bilər, amma mən dəyişə biləsi nəsə görmürəm”.