Ölkə futbolu
AFFA yeni sponsor tapıb – Premyer Liqa və kubok yarışları üçün
Yeni mövsümün startına 10 gün qalarkən belə addım atılması təsadüfi deyil. Deməli, buzlar əriyir, kiminsə razılığı alınıb, əks halda, ilin-günün bu vaxtında belə elan verilməzdi.
AFFA və PFL guya sponsor axtarır. Sözügedən qurumlar dünən bu barədə birgə məlumat yayıb. Normalda belə müraciət mətbuata daha öncə çıxmalı, namizədlərə zaman tanınmalıydı. Lakin futbol başbilənlərimiz yeni mövsümün qapını kəsdirdiyi bir zamanda buna ehtiyac duydu. Deməli, uzun axtarışlar, danışıqlar, gözləntilər məhz indi nəticə verib.
AFFA-nın hansısa tender elanının, müraciətinin cavabsız qaldığını görməmişik. Öncə işi kabinetlərdə həll edirlər, daha sonra prosesə hüquqi don geyindirmək üçün rəsmi addımlar atırlar. Bu üzdən dünənki elana görə rahatlaşmaq olar – Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2022/2023-cü illər mövsümünün titul sponsoru adına sahib olmaq istəyən şirkət tapılıb. Tezliklə rəsmi müraciət olacaq və müqavilə bağlanacaq.
Müraciəti üçün son tarixin 29 iyul saat 15:00-a qədər müəyyənləşdirilməsi də təsadüfi deyil. İllərdi sponsor tapa bilməyən AFFA indi bu işi 3 günə bitirmək istəyir. Deməli, əmin və arxayındılar.
Doğrusu, yeni sponsorla bağlı ehtimallarımız yoxdu. Əvvəllər çempionata və kuboka 2 fərqli bank sponsorluq edib, daha sonra “Topaz” bu missiyanı üzərinə götürüb. Bu dəfə də “Misli”nin adı daha çox hallanır. Amma qutudan dovşan çıxması hər zaman mümkündü, gözləməkdə fayda var. Əsas odur ki, artıq yeni sponsor tapılıb.
FƏRİD
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…