Digər idman növləri
Astanada yenə sülh bağlanıldı
Qazaxıstanın paytaxtı Astanada dünya şahmat tacı uğrunda mübarizə davam edir. Bu gün qrossmeysterlər 9-cu dəfə üz-üzə gəliblər.
8 partiyadan sonra Yan Nepomnyaşi hesabda 4:3 öndə idi. Bu gün ağlarla rusiyalı qrossmeyster oynayıb. O, ispan partiyasının Berlin variantını təklif edib. İlk yeddi gedişdən sonra çinli qrossmeyster xeyli düşünmək qərarına gəlib. Oynadığı gedişlə isə lövhədə fərqli ssenari görünməyə başlayıb. Nəticədə azarkeşlər maraqlı gedişatın şahidi olublar.
20-ci gedişdən sonra Nepomnyaşi Lijenin şah cinahından hücum təşkil edib. Bu zaman kompyuter hesablamalarına görə ağların 0.7 üstünlüyü görünüb. Lakin bundan əvvəlki partiyalarda bu cür üstünlüklərin bir an içində əridiyinin şahidi olmuşduq. Bu dəfə də belə olub. Nepomnyaşinin hücumu bir nəticə verməyib.
Şahmatçılar sona qədər oynamağı qərara alıblar. Heç bir tərəf səhvə yol vermədiyinə görə partiyada qalib olmayıb.
Beləliklə də rus şahmatçı hesabda üstünlüyünü qoruyub. Növbəti partiya bazar ertəsi oynanılacaq.