Digər idman növləri
Avroliqada ilk dövrəyə yekun vuruldu
Basketbol üzrə Avroliqa turnirində ilk dövrəyə yekun vurulub. Turun son iki oyunu dünən gecə keçirilib.
Çempionatın autsayderlərindən biri , Berlinin “Alba” komandası evdə “Olimpiakos”u qəbul edib. Yunanlar rəqibin müqavimətini rahat şəkildə qıraraq növbəti qələbələrini qazanıblar.
Digər oyun daha gərgin alınıb. “Monako” doğma arenada əsas favoritlərdən sayılan “Barselona”nı qəbul edib. Evdə bu il inamlı oyunu ilə seçilən knyazlıq komandası qalib gəlib. 91:71.
Bu qələbədən sonra “Monako” pley-of zonasında yerini möhkəmləndirib.
17 turdan sonra çempionatda Madrid “Real”ı liderdir. İspaniya klubu müntəzəm çempionatda bir dəfə , o da İstanbulda “Fənərbağça”ya məğlub olub. İkinci yerdə qərarlaşan İtaliyanın “Virtus” komandası ondan 4 qələbə geri qalır. “Barselona” 11 qələbə ilə 3-cü pillədədir. Ondan sonrakı yerlərdə “Panatinaikos” , “Monako”, “Fənərbağça” və “Makkabi” var. Bu komandaların hər biri çempionatda 10 dəfə qələbə qazanıb.
Xatırladaq ki, ikinci dövrəyə gələn həftə start veriləcək. Yeni ilin ilk həftəsində 2 tur keçiriləcək.