Müsahibə
“Bütün komandalar bir-birini məğlub edə bilər”
“Səbail”in müdafiəçisi Rafael Məhərrəmlinin futbolinfo.az saytına müsahibəsi
– Son turda “Sabah” üzərində qələbə qazandınız. Ümumi oyunu necə şərh edərsən?
– “Sabah”la matçda çox yaxşı oyun nümayiş etdirdik. Əsl komanda ruhu ilə oynadıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu oyunda qalib gəlməyi çox istəyirdik. Bizim üçün asan olmadı. Lakin 90 dəqiqə boyunca mübarizəni dayandırmadıq və qələbə qazandıq.
– Qış fasiləsindən sonra son 3 oyunda uduzmamısız və artıq ikinci qələbəni qazandınız. Səncə, bu, sizə daha yaxşı təsir edəcək?
– Təbii ki, nəticə yaxşı olanda komandamızda əhval-ruhiyyə də yüksək olur. Bu seriyanı davam etdirmək istəyirik. Qarşıdakı oyuna hazırlaşırıq.
– “Səbail”in əsas hədəfi nədir? Komanda 5-ci pillədə qərarlaşıb, avrokuboklar üçün şans var. Səncə, istəyinizə nail ola biləcəksiz?
– Məqsədimiz hər oyunda yaxşı oyun göstətib nəticə qazanmaqdır. Bu, futboldur. Hər zaman hər şey istədiyimiz kimi olmur. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Hər birimiz daha çox xal toplamağı və mövsümü yuxarı sıralarda tamamlamağı istəyirik.
– Ümumiyyətlə, lider “Qarabağ”ı çıxsaq, digər 7 pillə arasında xal fərqi çox azdır. Belə durum sizdə təzyiq yaradırmı?
– Xal fərqinin az olması bizim kimi rəqiblərimizdə də təzyiq yaradır. Buna görə də şanslar bərabərdir. Qarşıda çox oyunlar var. Hazırda çempionatımızda bütün komandalar bir-birini məğlub edə bilər. Bu da oyunlarda mübarizəni daha da çətinləşdirir.
– Növbəti turda yeni baş məşqçi ilə anlaşan “Qəbələ”nin qonağı olacaqsız. Rəqibin yeni baş məşqçi ilə anlaşması sizə çətinlik yaratmayacaq? Kaxaber Sxadadzeni də hamımız yaxından tanıyırıq və onun məşqçiliyinə bələdik.
– “Qəbələ” həmişə güclü rəqibdir. Buna baxmayaraq, öz oyunumuzu oynayacağıq. Hər matçda olduğu kimi yenə meydana qalib gəlmək üçün çıxacağıq. İnşallah bu səfərdə yaxşı nəticə qazanarıq. Hər birimiz bunun üçün çalışırıq.
FƏRİD