Ölkə futbolu
Diniyevlər də “müsbət”ə üzüldü: “Sabah”da daha 3 yoluxma
Koronavirusa yoluxma ilə bağlı klubların düşərgəsindən bəd xəbərlər gəlməkdə davam edir. “Zirə”nin müdafiəçisi Kərim Diniyev dünən “Neftçi” ilə matçı buraxmışdısa, indi də onun qardaşı Coşqunun meydana çıxmayacağı aydınlaşıb.
Belə ki, “Sabah”ın yarımmüdafiəçisi Coşqun Diniyevin, həmçinin onun komanda yoldaşları Xulio Rodriqes və Yevgeni Koçukun COVİD-19 testinin nəticəsi müsbət çıxıb. Bu üçlük bu gün baş tutacaq “Keşlə” ilə matçı buraxacaq. Saşa Stamenkoviç, Nikola Vuyadinoviç, Filip İvanoviç, Amadu Diallo, Təmkin Xəlilzadə isə zədə səbəbindən oynamayacaq.
Siyahı dəqiqləşəndən sonra “Keşlə” – “Sabah” matçında hər iki tərəfdən 3 futbolçunun (cəmi 6) məhz koronavirusa görə meydana çıxmayacağı aydınlaşıb. Xatırladaq ki, “Sabah”da daha öncə də bir neçə oyunçunun virusa yoluxduğu bildirilmiş, onların “Zirə” ilə görüşü təxirə salınmışdı.