Dünya futbolu
Dubravka finalda uduzub qızıl medal aldı
Martin Dubravka misli görünməmiş olayın iştirakçısı olub. “Nyukasl”ın oyunçusu İngiltərə Liqa Kubokunda məğlub olsa da, qızıl medal alıb. Ümumiyyətlə, oyun baş tutmadan bu qolkiperin qaliblərin sıralarında olacağı bəlli idi.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı slovak qapıçı “Nyukasl”da çıxış etsə də, mövsümün əvvəlində “Mançester Yunayted”ə icarəyə verilmişdi. Martin qışda “sağsağanlar”ın düşərgəsinə qayıtdı, amma bunadək mankunianlarla iki qarşılaşmaya çıxmışdı. Qaydalara görə, onun adının iştirak ərizəsinə düşməsi klubun uğurlarında pay sahibi olması üçün yetərlidir.
Xatırladaq ki, finalda 2:0 hesabı ilə qalib gələn “Mançester Yunayted” 6-cı dəfə Liqa Kubokunun qalibi oldu. Bu, komandanın yeni baş məşqçisi Erik ten Haqın yeni klubunda ilk uğuru oldu. İngiltərə nəhəngi tarixi ərzində 69-cu kubokunu qazanaraq rekordçu olan (70) “Liverpul”a yaxınlaşdı.