Digər idman növləri
Embiiddən 70 xal
MBA-da bu gecə 8 oyun keçirilib. Çox nadir hallarda baş verən hadisəyə azarkeşlər Filadelfiyada şahidlik ediblər. “Siksers”in lideri Coel Embiid “San-Antonio Spörs”lə qarşılaşmada 70 xal toplayıb. Bu da Fildalefiya komandasının tarixində rekord göstəricidir. Bu vaxta qədər “Siksers”in ən yaxşı göstəricisi əfsanəvi Vilt Çemberlenə (68 xal) məxsus idi. Oyun isə meydan sahiblərinin 133:123 hesablı qələbəsi ilə bitib.
Maraqlıdır ki, gecə ərzində bir neçə nəfər də Embiid kimi şəxsi rekordunu yeniləyib. Qərb konfransının lideri Minnesota komandası evdə “Şarlott Hornets”ə məğlub olub. “Timbervulvs”un heyətində Tauns 62 xal toplamaqla karyerası ərzində ən yaxşı nəticəni göstərib.
Dallasda isə qələbəni çempionatın lideri qazanıb. “Boston Seltiks” 119:110 hesabı ilə qalib gəlib. “Maveriks”in lideri Luka Donçiç görüşü 33 xal, 18 ribaund və 13 asistlə tamamlayıb. Bununla da sloveniyalı basketbolçu 30 xaldan çox toplamaqla tripl-dabl etmək üzrə göstəriciyə görə Lebron Ceymsi keçib. Bu, Donçiçin karyerasında 38-ci belə oyundur.
MBA-tarixində Luka 3-cü pulləyə qalxıb. Bu göstəriciyə görə 1-ci yerdə Oskar Robertson (106 belə tripl-dabl), 2-ci yerdə isə Rassel Vestbruk (46) gedir.
“Finiks Sans” doğma arenada “Çikaqo Buls”u 115:113 hesabı ilə məğlub edib. Kevin Dürant oyunu 43 xalla tamamlayaraq qələbədə böyük rol oynayıb. “Detroyt Pistons” – “Miluoki Baks” görüşündə qonaq komandanın lideri Yannis Antetokumbo da tripl-dabl edib. Qonaqların 122:113 hesablı qələbəsi ilə bitən matçda yunan basketbolçunun göstəriciləri 31 xal, 17 ribaund və 10 asistə bərabər olub.