Ölkə futbolu
Fransa klubu “Qarabağ”dan aldığı hücumçunu satır
Fransa 2-ci liqasında çıxış edən “Sent-Etyenn” klubu 2022-ci ilin yayında “Qarabağ”dan transfer etdiyi İbrahima Vadjinin durumundan narazıdır.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, seneqallı forvard elitaya vəsiqə uğrunda mübarizə aparan komandasına heç bir xeyir verə bilmir. Təsadüfi deyil ki, Vadji mövsümün startında iki tur oynadıqdan sonra uzun müddətə sıradan çıxıb, ötən ilin avqustundan bəri cəmi bir görüşdə 6 dəqiqə meydanda olub. Bu da məşqçilər korpusunu və rəhbərliyi yeni hücumçu axtarışına vadar edib.
28 yaşlı oyunçu zədəsini sağaldaraq məşqlərə qoşulsa da, baş məşqçi Olivye Dallolyo ona arxayın deyil. Bu üzdən komanda qış fasiləsində daha hazırlıqlı forvard transferinə çalışacaq. Əgər heyəti gücləndirəcək hücumçu axtarışı müsbət nəticələnsə, Vadjinin satılması gündəmə gələcək.
“Sent-Etyenn”in İbrahima Vadjini “Qarabağ”dan 1,6 milyon avroya transfer etdiyi bildirilir. Onun fransızlarla müqavilə müddəti gələn ilin yayına qədərdir.
Bir ara “Səbail”in Vadjini icarəyə götürmək istədiyi deyilirdi. Amma fransızların yüksək məbləğ tələbindən sonra bu variant unuduldu.