Digər idman növləri
“Gəncə” yeni mövsümdə iddialı olacaq – VİDEO
Oktyabrın ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatının əksər oyunları “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq. Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək çempionatda 3-ü region komandası olmaqla, ümumilikdə 8 komanda çempionluq uğrunda mübarizə aparacaq: “AAAF Xırdalan BK”, “Gəncə BK”, “NTD BK”, “Neftçi İK”, “Olimpik Şəki BK”, “Sərhədçi PİK”, “Sabah Bakı BK”, “Zirvə Astara BK”.
Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcək. Çempionatın müntəzəm mövsümündə ilk 4 pilləni tutmuş komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanmış komanda qalib sayılacaq.
Oktyabrın 1-də əsas çempionata hazırlıq məqsədi daşıyan mini-turnir baş tutacaq. Oyunlar “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.
Bölgə klublarının yenidən çempionata qatılması qeyd olunası məqamdı. Xüsusilə Gəncənin elitada mübarizə aparması diqqət çəkir. Şəhərin eyniadlı klubu ev oyunlarını da Nizami yurdunda keçirəcək.
Sonuncu dəfə 2019-2020-ci illər mövsümündə Azərbaycan çempionatında iştirak edən komanda pandemiyaya görə yarımçıq dayandırılan yarışı 3-cü sırada bitirib. 2 illik fasilənin ardından çempionatda iştirak edəcək Gəncə klubunun rəhbərliyi yenə iddialı komanda formalaşdırmaq niyyətindədir. Bu məqsədlə komandanın heyətinə legionerlər də cəlb olunacaq.
Komandanın ən diqqətçəkən transferi sözsüz ki, Amil Həmzəyev olacaq. Millinin aparıcı siması, kapitanı olan Həmzəyev Gəncə basketbolunun yetirməsidir. O, İslam Həmrəyliyi Oyunlarının qalibi və gümüş mükafatçısıdır.
Oyunlara ev sahibliyi edəcək yerli Olimpiya İdman Kompleksinin tələblərə uyğun şəraitə gətirilməsi üçün bir müddətdir ki, təmir-bərpa işlər aparılır. Eyni zamanda komandanın məşqlərinin də bu idman qurğusunda keçirilməsi nəzərdə tutulub.
Gəncə Olimpiya İdman Kompleksinin direktoru və yerli klubun baş məşqçisi ilə müsahibədə onların yeni mövsümlə bağlı düşüncələrini öyrəndik. Hazırladığımız VİDEOMATERİAL məhz “Gəncə”yə həsr olunub.
BƏHRUZ MUSAYEV, Gəncə
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı