Ölkə futbolu
Həmzəyevi susduran vəd
Əfqan Həmzəyev sakitləşib. Daha sosial şəbəkədə nə status paylaşır, nə də kiminsə paylaşımına şərh yazır.
Təsadüfi deyil, sakitləşməsini istəyiblər… Ki, “səni işlə təmin edəcəyik, bir az sakit dur”. O da səsini kəsib, AFFA-dan nicat umur, iş vədinin yerinə yetirilməsini gözləyir.
Nazim Süleymanovun rəhbərlik etdiyi Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı hər nə qədər səhvlər etsə də, təcrübəsizlikdən taktiki cəhətdən səhv addımlar atsa da, güc olmağı bacarıb. AFFA rəhbərliyini qorxuya salan qurum futbol təsərrüfatını özəlləşdirənləri, dövlətin bu sahəyə axıtdığı maliyyəni mənimsəyənləri ciddi narahat edir. Dövlət başçısına ünvanlanan müraciətdən sonra vəziyyət bir az da qəlizləşib. Artıq bu qurumu gözardı edə bilmirlər.
Əvəzində təşkilatı nüfuzdan salmaq üçün manevrlər edir, imkan düşəndə zəif bəndlərdən yapışıb, onu zəiflətmək istəyirlər. Necə ki, Əfqan Talıbovla Babək Alxazovu Süleymanovdan ayırdılar. Əfqan bəy Veteranlar İttifaqının sədri Oqtay Abdullayevin paralel rəhbərlik etdiyi “Turan Tovuz”da işlə təmin olundu, Alxazovu da AFFA yığmalardan birinə köməkçi-məşqçi göndərməyə söz verib.
Külək ağacın çürük qol-budağını qopara bilər. Zatən belə budaqların ağaca xeyri yoxdu, əksinə, onun görkəminə, əzəmətinə xələl gətirir. Ona görə də Talıbovla Alxazovun gedişi Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sanbalını artırdı, yad ünsürlərin təmizlənməsinə səbəb oldu.
Xüsusilə Babək bəyin gedişi yerindədi, onun ittifaqa qəbul olunması yanlış idi. Nə bir futbolçu olub, nə məşqçi, həmişə ortada yeyib, qıraqda gəzib.
Tezliklə Həmzəyev haqda da eyni sözləri deyəcəyik. Hakimliyi komediya səhnələri ilə yadda qalan, iddiası, mövqeyi olmayan biri idi. Hansısa münasibətlər hesabına futbolumuzun qaymaqlarına qoşulmuş, onlarla bir cərgədə dayanmışdı. AFFA-da rəhbərliyin dəyişəcəyinə ümid edib, müxalif çıxışları ilə gündəmə gəlirdi. Son konfransdan sonra hakimyyətin dəyişmədiyin görüncə, cəbhə dəyişir, susub, vəd edilən vəzifəni alacağı günü gözləyir.
Əsl futbol ictimaiyyəti beləcə təmizlənir. Çətin sınaqlardan çıxa bilməyənlər, vəzifəyə, vədə, “konfet”ə aldananlar özünü büruzə verir. Talıbov, Alxazov, Həmzəyev gedibsə/gedirsə, bu, xeyir əlamətidi. Veteranlar öz içlərindəki yad ünsürləri beləcə tanıyır.
Bu adamlar yeni cəbhələrində bir müddət sevimli olacaq, istifadə vaxtları bitən kimi yararsız sayılacaqlar. Heç kim belələrinə güvənməz, daim etibar etməz. Yaşayıb görərik…