Ölkə futbolu
Hikmətli “Şamaxı”: klubu taksi sürücüsünə tapşırırlar
Yüksək vəzifəli məmurların himayəsində olacağı gözlənilən “Şamaxı”da indi başverənlər xoş deyil. Klubda elə hadisələr yaşanır ki, gələcəkdə olacaqlar həmin himayəçilərin də imicinə xələl gətirəcək.
“Şamaxı” hər nə qədər daha yuxarı səviyyədə diqqət mərkəzində olacaqsa da, klubda söz sahibi Şamaxı İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov ön plana çıxır. Amma bu şəxsin futbol təsərrüfatında təsadüfi adam olması işini çətinləşdirir. Bu sahəni dərindən bilmədiyindən klub məzhəkə meydanına döndərilir – ona AFFA-dan kimi məsləhət görürlərsə, həmin adama da səlahiyyət verir. Araşdırmadan bütün tapşırıqlara “baş üstə” deyən müavin bunun acısını çox çəkəcək.
Hazırda “Şamaxı”da təhvil-təslim prosesi gedir. İstefa vermiş Zaur Axundovun vaxtında iş başında olmuş dost-tanışlar vidalaşır, yeni komanda “sükan arxasına” keçir. Məhz dost-tanışa maliyyə dağıtması üzündən urvatsız olan, yaxşı büdcəyə rəğmən, nəticələri utandırıcı alınan “Keşlə/Şamaxı” indi idarəetmənin digər arzuolunmaz yolu ilə qaranlıq sabah vəd edir.
Tezliklə “Şamaxı”ya yeni icraçı direktor təyin ediləcək. Hazırda təhvil-təslim prosesində iştirak edən bu şəxs təcrübəli jurnalistlərin, azarkeşlərin, futbol adamlarının yaxşı tanıdığı Kamran İsmayılovdu. 8 il öncə qovulduğu “Simurq”dan ayrıldıqdan sonra əməlləri üzündən futbol təsərrüfatına buraxılmayan, taksi sürücüsü işləyən İsmayılov.
Təbii ki, taksi sürücüsü olmaq eyib deyil, amma belə birinin birdən-birə Premyer Liqa klubuna rəhbər gətirilməsi nonsensdi. Həm də Kamran bəyi biz təcrübəlilər yaxşı tanıyırıq, hansı “məharətlərinin” olduğunu da bilirik.
İsmayılov Fuad Musayev AFFA prezidenti olduğu dönəmdə uzun illər milli komandanın inzibatçısı kimi çalışıb, sonralar vəzifə pillələrində yüksəlib. İnsafən, inzibatçı kimi işini pis görmürdü, “fərqli bacarıqları” da olduğu üçün rəhbərlik səviyyəsində sevilirdi. Onun futbola gəlişi isə qohumu Vaqif Sadıqovun sayəsində reallaşıb. O zaman milli komandanın baş məşqçisi olan, sonralar başqa vəzifələr tutan Vaqif bəy İsmayılovu işsiz qalmağa qoymayıb. Sonradan qohumluq əlaqələri pozulduğundan, Sadıqov bu şəxsə dayaq durmayıb və İcraiyyə Komitəsinin hazırkı üzvünün, eyni zamanda AFFA-nın vitse-prezidentinin himayəsindən məhrum olduğundan Kamran bəy assosiasiyadan uzaqlaşıb.
Daha sonra müxtəlif klublarda özünə yer edən, “Şəmkir”, “İnter”, “Bakı”da işləyən, “Simurq”un baş meneceri olan İsmayılovun vəzifələri kimi iştahı da böyüyüb və… Onun futboldan hansı səbəbdən uzaqlaşdırıldığını qoy “Şamaxı”nın rəhbərliyi araşdırsın. Onun futbola qayıtması üçün xahiş edənlərdən yox, daha təcrübəli insanlardan soruşmaqla həqiqəti tapmaq olar. Pullu klublar, saysız-hesabsız transferlərdə oynadığı rol, tez-tez klub dəyişmək…
Doğrusu, belə kadrlarla “Şamaxı”nın yaxşı kluba çevrilməsi çətin məsələdi. Biz sadəcə, xəbərdarlıq edirik, sonradan yaranacaq problemlərə görə məsuliyyət daşıyan Hikmət Şikarov olacaq.
FƏRİD