Ölkə futbolu
İldırımsürətli dəyişiklik: Səmədov adaşının “Həsənzadə planı”nı pozdu
Ramin Musayevin istefası sıradan xəbər deyil. Bu qərarı AFFA prezidenti Rövnəq Abdullayev üçün sonun başlanğıcı da saymaq olar. Çünki Peşəkar Futbol Liqasının sabiq prezidenti onun futboldakı əsas kadrı sayılırdı. Ola bilsin, gözlənilən islahatlara məhz bu postdan start verildi.
Lakin PFL prezidenti postuna əyləşəcək yeni şəxsin adını eşidəndə bu qərarın rəhbərlik daxilində qruplararası qüvvə dəyişikliyi olduğunu düşündük. Çünki yeni gələn Elxan Səmədov Abdullayevin digər əsas adamı Elxan Məmmədovun kadrlarından sayılırdı. Uzun illər müxtəlif vəzifələrdə çalışan Səmədov VAR-da (videoköməkçi hakim) layihə rəhbəri idi. Əvvəllər onun adı müxtəlif vəzifələrə namizəd kimi göstərilsə də, himayədarları Səmədovu yüksəldə bilməmişdi. Vaxtilə “Qəbələ”yə rəhbər göndərilməsi də mümkün olmamışdı.
Səmədovun təyinatının qısa müddət ərzində reallaşması müəmma pərdəsini bir az da sıxlaşdırırdı. Faktiki 1-2 saat ərzində dəyiş-düyüş reallaşdı və Elxan bəy işə başladı.
Lakin kiçik araşdırma apardıq və bəlli oldu ki, bu təyinat Məmmədovla bağlı deyil, əksinə, onun iradəsinə zidd olaraq reallaşıb. Dediyi ilə oturub-durmadığı üçün dəfələrlə Səmədovu ləkələməyə çalışan, onun haqqında “yuxarılar”a həqiqətə uyğun olmayan informasiyalar ötürən Məmmədov, adaşından istifadə etməyə cəhd edib. PFL-in yeni prezidenti isə buna imkan verməyib və sakitcə işini davam etdirib.
Səmədov futbola gəlmək istəyən yeni qüvvələrin kadrıdı. Bu təyinat çoxdan planlaşdırılmışdı, sadəcə, Məmmədov həmin posta israrla Cahangir Həsənzadəni təyin etdirmək istəyirdi. Vitse-prezidentin “yeni vəzir”inin son vaxtlar fəallaşması, özünü gözə soxması da bununla bağlıydı. Həsənzadə gənc veteranları ətrafına toplayaraq, özünə işgüzar imic formalaşdırmağa cəhd edirdi. Lakin islahat düzgün istiqamətdə aparıldı, PFL Məmmədovun kadrına yox, onun əsas əleyhidarlarından birinə çevrilən Səmədova tapşırıldı.
Maraqlıdı ki, bu dəyişiklik çempionata yeni sponsorun gəlişi ərəfəsində yekunlaşdı. Adı tezliklə açıqlanacaq sponsor şirkət quruma Musayevin rəhbərlik etməsini istəməyib. Eyni zamanda istefanın Ramin bəyin “Qarabağ”la İsveçrəyə səfər etməsindən sonra elan edilməsi maraqlı məqamdı. Sürixdə vitse-prezident Elxan Məmmədovla görüşün nəticələrindən asılı olaraq, dünən Bakıya qayıdan Ramin bəy bu gün istefasını elan edib, estafeti yeni dəstəyə verdi.
Dəqiq olan futbolda Ramin Musayev erasının bitməsidi. 2008-ci ildən quruma rəhbərlik edən Ramin bəy daim təkbaşına namizəd olduğu və prezident seçildiyi, birbaşa özünün yaratdığı PFL-dən getdi.
14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 2004-cü ilin aprelində “Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub. 59 yaşlı funksioner “ağ-qaralar”da işlədiyi müddətdə komanda ilə Azərbaycan çempionu adına yiyələnib, 2006-cı ildə Birlik Kubokunun ilk qalibi olub. 2008-ci il iyulun 2-də AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və vəzifəsini 4 il icra edib. Yeni vəzifəyə seçildikdən sonra o, “Neftçi” klubundakı vitse-prezident postunu tərk edib. Musayev ümumilikdə 4 dəfə PFL prezidenti seçilib və hazırkı müddətinin başa çatmasına hələ 2 il qalırdı.
CAVAD
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var