Ölkə futbolu
“Kəpəz”i son pillədən qurtaran qələbə
Tərlan Əhmədov rahat nəfəs ala bilər. “Kəpəz” son pillədən qurtuldu. Qələbəsiz 10 oyunluq seriyanın bitməsi ilə komanda birdən-birə iki pillə irəlilədi.
Düzdür, bu, hələ komandanın Premyer Liqada qalacağı demək deyil. Lakin əsas rəqiblərdən biri ilə görüşdə 6 xallıq matçda əldə edilən uğur böyük önəm daşıyır. Növbəti turda “Sumqayıt”la matçda da məğlubiyyətdən qaçmaq mümkün olsa, Gəncə klubu problmini böyük ölçüdə həll edəcək.
Təbii ki, irəlidə hələ 13 tur, qazanılması mümkün olan 39 xal var. İndidən hansısa komandanı siyahıdan sılmək tezdir. Bununla belə, mövsümün ən önəmli dönəmidir. Əsas rəqiblərlə oyunlarda qazanılan qələbələr həm də psixoloji cəhətdən həlledicidir. “Kəpəz” bu gün olk baryeri aşa bildi. Qələbənin böyük təzyiq altında reallaşması isə onun əhəmiyyətini daha da artırır.
Gəncədəki matçın ümumi səviyyəsi yüksək olmasa da, dramatikliyi qeyd olunmalıdır. “Şamaxı” ikidəfə hesabı bərabərləşdirməyə nail olmaqla mübarizədən qopmaq istəmədiyini göstərdi. Lakin hər dəfəsində ustalıq səviyyəsi yüksək olan futbolçuların daha çox olduğu “Kəpəz” hesabda önə çıxa bildi. Qonaqların mübarizəsi həyatda qalmaq istəyən canlının son çırpınışlarına bənzəyirdi.
Təbii ki, xal fərqi böyük deyil, rəqiblərin hələ Şamaxıda da dueli var. Eyni zamanda digər autsayderlərlə görüşlər də önəm daşıyır. Lakin indiki halda “Kəpəz” ölüm-qalım savaşının ilk pərdəsini öndə qapada bildi. Gəncə təmsilçisi klub olaraq birləşməyi bacarsa, oyun planında problemi yoxdur, heç də çempionatın ən zəif komandası deyil.
Məğlubiyyətə baxmayaraq, “Şamaxı”nı da mübariz oyununa görə təbrik etmək olar. Yerli gənclər güclərinin çatdığı qədər mübarizə apardı, məğlub olmamaq üçün səy göstərdi. Qarşıdakı turlarda komanda kökdən düşməsə, elitada qalmaq uğrunda mübarizə hələ uzun müddət davam edəcək. Rəqiblər səviyyəcə bir-birindən aşkar üstün deyil, daha az səhv edən arzusuna çatacaq.
AĞA