Dünya futbolu
Koutinyo Braziliyaya qayıtmaq istəyir
Filip Koutinyo İngiltərə Premyer Liqasından ayrıla bilər. 30 yaşlı Braziliyalı vətənindən təklif alıb.
Futbolinfo.az xəbər verir ki, oyunçu “Aston Villa”dakı durumundan məmnun deyil. “Korintians”ın yarımmüdafiəçiyə maraq göstərməsi onun vətəninə dönmək həvəsini daha da artırıb. Stiven Cerrardın baş məşqçi postundan ayrılmasından sonra Birmingem təmsilçisindən getmək həvəsinə düşən Koutinyo yanvarda seçimini edəcək.
Amma “Korintians”ın Koutinyonu transfer etməyə gücü çatmır. 2026-cı ilin yayına kimi müqaviləsi olan yarımmüdafiəçinin maaşı da çox yüksəkdir. Braziliya klubu yalnız icarə müqaviləsi haqda düşünür, bir şərtlə ki, futbolçunun maaşının yarısını da “Aston Villa” qarşılasın.
Təbii ki, bu təklif ingilislərin ürəyincə deyil. Onlar da futbolçunun durumundan məmnun deyil və futbolçunu satmaq istəyirlər. Yaxşı təkliflə müraciət edən müştəri olmazsa, “Korintians” şərtlərinə nəzər yetirə bilərlər.