Müsahibə
“Maddiyyat ikinci plana keçib, əsas adrenalindir”
“Kəpəz”in yarımmüdafiəçisi Elnur Cəfərovun futbolinfo.az saytına müsahibəsi
– Son oyunda gözlənilmədən “Neftçi”ni məğlub etdiniz…
– Hər kəs üçün gözlənilməz idi, amma bizim üçün yox. Kollektiv, məşqçilər və rəhbərlik püşkdə ilk turda “Neftçi” ilə düşdüyümüzü bildiyimiz gündən buna inanırdıq. Özümüzü ancaq qələbəyə hazırlayırdıq. Allaha şükür ki, istədiyimizi əldə etdik. İstək hər şeydən daha önəmlidir. Biz sübut etdik ki, maliyyə baxımından üstün olmaq hər şey demək deyil. Xarakter bu cür matçlarda böyük rol oynayır.
– İlk turda belə qalibiyyət komandanın növbəti matçlarına təsir edəcək?
– Təbii ki, təsir edəcək. Çempionata yaxşı başlamaq gözəldir, çünki əhval-ruhiyyə düzəlir, psixoloji olaraq üstünlük yaranır. Buna görə də fikirləşirəm ki, bizim üçün psixologiya vacibdir. Ruh düşkünlüyünə məruz qalsaydıq, uduzsaydıq, istər-istəməz reaksiyalar da olardı, üzərimizdə təzyiq yaranırdı. Amma əksinə olmağı çox yaxşıdır. Dəstək görürük, qayğı görürük. Bu da bizə qarşıdakı matçlara daha motivasiyalı hazırlaşmaq imkanı verir.
– Oyun isti hava şəraitində ağır idi…
– Əlbəttə ki, ağır və çətin idi. Tək bizim üçün yox, rəqib üçün də çətin idi. Amma favoritlərdən birinə qalib gələrək mövsümə başlamaq əladır. Maddiyyat bu dəqiqə ikinci plana keçib, əsas adrenalindir.
– Uzun müddət sonra Premyer Liqada meydana çıxdın. Özünü necə hiss edirdin?
– Bu, mənim üçün əlavə motivasiya idi. Özümü çox xoşbəxt hiss edirəm ki, Premyer Liqada oynamağa başladım. Çətinliklərə baxmayaraq, karyerama davam elədim, çalışdım, vuruşdum, həvəsdən düşmədim. Əziyyətlərimin bəhrəsi bu gün görünür. Allah mənə yenə şans verdi. Ümid edirəm ki, bu, davamlı olar, yenə meydana çıxaram. Təcrübə baxımından müəyyən əziyyət çəkirəm, çünki 3 ilə yaxındır ki, əsas çempionatda oynamırdım. Birinci Divizion ilə Premyer Liqa arasında çox böyük fərq var. Aşağı dəstədə oynanamışdan öncə əsas çempionatda top qovurdum. Sonra aşağı liqaya gedəndə fərqi hiss etmişdim, indi əsas çempionata dönmüşəm yenə fərqi hiss edirəm. Uzun müddət olsa da, Premyer Liqada oynadığım üçün çox çətinlik çəkməyəcəm. Burda təcrübə az da olsa, var.
– “Kəpəz”də möhkəmlənib davamlı şəkildə çıxış edə biləcəksən?
– Bu haqda indidən nəsə demək olmaz, onu zaman göstərəcək. Futbol karyerasında hər şey ola bilər, amma özümü bütün baş verəcəklərə hazır hiss edirəm. Həqiqətən gözəl kollektivimiz var. Bu komanda ilə yaxşı yerlərə gəlib çıxa biləcəyik, daha yaxşı olacağına inanıram. İnancımız düzgün yolda olmağımıza kömək edir. Turnir cədvəlində lazımı yerlərdə olacaq. Uzun müddət sonra Premyer Liqaya qayıtmağıma baxmayaraq, ilk matçda start heyətdə meydana çıxdım. Açığı, bu, gözlənilməz idi. Amma Allah oynamağımı istəyirsə, heç kim mane ola bilməz. Xeyirlisi olsun.
FƏRİD
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq