Dünya futbolu
“Mançester Yunayted”in qış hədəfləri: birinin transferi mütləqdir
“Mançester Yunayted” Qətərdə parlayan iki ulduzu transfer etməyi planlayıb. Mümkün olsa, qarşıdakı bir ay ərzində, alınmasa, yayda onlar İngiltərəyə köçəcək.
Futbolinfo.az xəbər verir ki, mankunianlar ilk olaraq “Benfika”nın qapısını döyüb. Portuqaliya millisinin heyətində mundialın yeganə het-trikini etmiş Qonçalo Ramuş ingilislərin əsas hədəfidir. “Qırmızı Şeytanlar” klubdan ayrılan Kriştianu Ronaldonu məhz həmyerlisi ilə əvəzləməyi planlaşdırır.
Ramuşun sərbəstqalma dəyəri 120 milyon avrodur. “Mançester Yunayted” hazırda “Benfika” ilə bu məbləği azaltmaq üçün danışıqlar aparır. Amma yığmadakı çıxışından sonra lissabolular güzəştə getmək istəmir.
Mançesterlilərin digər hədəfi Kodi Qakpodur. PSV-nin 55-60 milyon avro istədiyi Niderland millisinin üzvünün keçidi daha rahat görünür. Eyndhoven təmsilçisi futbolçusunu buraxmağın əleyhinə deyil.
İngilislər hər iki futbolçunu istəyir, lakin onlardan yalnız birini qışda alacaq. Çünki transferlərə ayrılan məhdud büdcə var. İndi keçidi alınmayan oyunçu ilə isə danışıqlar yayda davam etdiriləcək.