Ölkə futbolu
Martins üçün ölüm qalım matçı: “Peşman olmağa vaxtımız yoxdur”
“Çətin oyun olacağını bilirdik. “Sabah” yaxşı komandadır. Amma onları məğlub etmək üçün şanslarımız var idi. Təəssüf ki, bacara bilmədik” – bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Junior Martins deyib.
Braziliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının 23-cü turunda “Sabah”a 2:3 uduzmaqlarını uğursuzluq saymayıb, bəxtsizliklə əlaqələndirməyib: “Mənim üçün bu oyun uğursuzluq deyildi, çox möhtəçəm matç idi. Xırda detallara qədər qərarlar verildi, buna görə də səhvlər etdik. “Sabah” daha yaxşısını, nə edəcəyini bilirdi”.
25 yaşlı oyunçu son 2 matçda məğlub olmaqlarının onlara təsir etməyəcəyini, artıq hər şeyin geridə qaldığını bildirib: “Peşman olmağa vaxtımız yoxdur, 2 məğlubiyyət geridə qaldı. Yenidən qələbə qazanmaq üçün çalışmalıyıq. İrəli baxmaq vacibdir”.
Martins komandanın Premyer Liqadakı yerini qoruyacağına əmin olduğunu deyib: “Mən həmişə demişəm ki, biz burada qalacağıq”.
Təcrübəli futbolçu qarşıdakı turda “Qəbələ”yə qarşı keçirəcəkləri matçın ölüm-qalım oyunu olacağını da sözlərinə əlavə edib: “Bu matç Premyer Liqada qalacaq komandanı müəyyən edəcək matçdır. Ona görə də əla oyun olacaq. Ölüm-qalım matçı adlandırmaq olar”.