Dünya futbolu
Mbappe “Real”da Modriçin nömrəsini götürəcək
Kilian Mbappenin Madrid “Real”ında geyinəcəyi forma məlum olub. Fransız forvard “10 nömrə” ilə çıxış edəcək.
PSJ-də Kilian “7 nömrə” ilə oynayır. Lakin Madrid komandasında bu nömrə Vinisius Juniora məxsusdur. Braziliyalı hücumçu bu nömrəni Eden Hazardın gedişindən sonra götürüb.
Kərim Benzemadan sonra komandada 9 nömrə də boşdur. Lakin onu çox güman ki, yayda 18 yaşı tamam olduqdan sonra “Real”a qoşulacaq Endrik götürəcək. Mbappe isə Modriçin gedişindən sonra boşalacaq “10 nömrə” ilə oynamalıdır. Xorvatiyalı futbolçu 2017-ci ildən bu formanı daşıyır.
Xatırladaq ki, Mbappe “Monako”da 39, 33, 29, 13, 11, 10 və 9 nömrələri altında çıxış edib. PSJ-də isə geyindiyi formaların nömrələri 29, 14, 17 və 7 olub. Milli komandada onun 20, 12 və 10 nömrələri ilə oynadığını da qeyd etmək lazımdır.