Ölkə futbolu
Namaşko: “Turnir cədvəlinə mövsümün sonunda baxacağıq”
“Keşlə”nin moldovalı qapıçısı Stanislav Namaşkonun futbolinfo.az-a müsahibəsi
– “Keşlə” son 4 matçda heç də sabit qrafik üzrə çıxış etməyib. Komandanın iddiasına görə nəticələr heç də yaxşı deyil. Bu barədə fikirlərin necədir?
– Bu, idmandır. Bəzən qələbə qazanırsan, bəzən məğlub olursan. Düşünürəm ki, qış hazırlığı yaxşı keçdi və indi növbəti matçı düşünürük.
– “Səbail”ə gözlənilməz məğlubiyyət, “Neftçi” ilə vacib matçda xal itkisi sizə gələcəkdə təsir edəcək?
– Bu matçlar artıq geridə qaldı. Səhvlərimizdən nəticə çıxarmışıq və “Sumqayıt”la oyuna köklənmişik.
– Turnir cədvəlində “Neftçi”dən 4 xal geri qalırsınız…
– Bizim məqsədimiz rəqibin kimliyindən asılı olmayaraq, hər matça 3 xal üçün çıxmaqdır. Turnir cədvəlinə yalnız mövsümün sonunda baxacağıq. İndi isə məqsəd birdir – hər oyunda qalib gəlmək.
– “Zirə” üzərində 4:0 hesablı qələbə komandanın motivasiyasını yüksəldib?
– Komanda yaxşı formadadır. Bəzən uğursuzluq və bəxtsizlik olur. Əlbəttə, böyükhesablı qələbə qazanmaq xoşdur, lakin daha vacibi 3 xaldır.
– Hər halda, yüksək yerlər üçün mübarizə aparan komandanın son 4 matçda 5 qol buraxması heç də yaxşı durum deyil. Səncə, bu qollarda müdafiə xəttinin, yoxsa sənin səhvlərin çoxdur?
– Hər oyun fərqlidir. Bəzən bir neçə matçlıq seriya olur ki, qol buraxmırsan və əksinə. Bu haqda çox düşünmürəm.
– “Sumqayıt” da mövsümün formada olan komandalarındandır. Növbəti oyunda onları məğlub edə biləcəksiz?
– Hər zaman olduğu kimi, hazırlaşırıq. “Sumqayıt”ın yaxşı komanda olduğunu bilirik.
– Fasilədən sonra “Qarabağ” çox rahat irəliləyir. Səncə, çempionluq mübarizəsi artıq bitib?
– Rəqiblər haqqında çox da danışmaq istəmirəm. Çünki mənim üçün vacib olan öz komandamızıdır, öz uğurlarımız və səhvlərimizə diqqət yetirirəm.
FƏRİD