Milli komanda
Paris ssenarisi ilə Bakı tamaşası
Qeyri-adi bir şey yoxdu, nə gözlənirdisə, o da oldu. AFFA İcraiyyə Komitəsi üzvlərinin son açıqlamalarından, Elxan Məmmədova xidmət edən “CBC Sport”un təbliğatından aydın idi ki, Canni de Byazi ilə müqavilənin müddəti artırılacaq.
Son formal oyunlarda qazanılan lazımsız qələbələr bəhanə verdi və AFFA italiyalını daha bir tsikl millinin başında saxladı. Nə AFFA prezidenti Rövnəq Abdullayevin, nə baş katib Sərcxan Hacıyevin yerli məşqçi barədə düşüncələri kimsənin vecinə oldu. Çünki bu şəxslərin hətta düşünməyə də ixtiyarı yoxdu, qərarı vitse-prezident Elxan Məmmədov verir, o da Parisdə otura-otura himayədarları sayəsində məsələni ən üst səviyyədə həll edir.
Hacıyev ötən günlərdə Parisə səfər etmiş, göstərişləri alıb gəlmişdi. Gələn kimi İcraiyyə Komitəsinin üzvlərinə bir-bir zəng vuraraq seçimi necə etməli olduqlarının izah etmişdi. Və dünən hamı Məmmədovun ssenarisini səhnələşdirdi – Elxan bəy özü hətta iclasa gəlmək zəhmətinə qatlaşmadı, İsgəndər Cavadovun etiraz əlaməti olaraq tədbirə qatılmaması heç nəyi dəyişmədi.
Maraqlıdı ki, AFFA rəhbərliyi qorxusundan, ya da saymazlıqdan hətta mətbuata açıqlama verməyə gərək duymadı. Kimsə seçimin səbəbini izah etmədi, məşqçinin qarşısına hansı vəzifə qoyulduğunu açıqlamadı. Vaqif Sadıqov da daha kükrəmədi, Millətlər Liqasında “Qrupdan çıxmasa, de Byazi yola salınacaq” deyən İK üzvü ikinci dəfə ağzının üstündən vurulmaması üçün abırına qısıldı.
Təbii ki, de Byazinin uğurlu olması mümkünsüzdü. Vətən, bayraq üçün deyil, böyük mükafat üçün oynayan milli üzvləri də artıq ruhdan düşüb. Son qələbələrə görə ümumilikdə 60 min manat qazanmalı olan futbolçular, bunun 30 faizinə layiq bilindikdən sonra da narazı qalıblar. Və qarşıdakı seçmə mərhələdə rəqiblər daha güclü olacaq, Canninin isə möcüzə edəcək çubuğu yoxdu.
İndiki halda de Byazini dəyişmək AFFA-ya heç sərf etmirdi. İslahat dalğasını hiss etdirməmək üçün Məmmədovun sabitliyə ehtiyacı var idi. Bu, həm də “biz deyən olacaq” görüntüsü yaratmaq üçün vacib idi. Amma və lakin…
Canni de Byazi məğlubiyyətləri sıralamağa başlayanda həm o, həm də ona güvənənlər hədəfə çevriləcək. Zatən futbolumuzun bugünkü durumunun günahkarı italiyalı deyil, millinin başında kimin dayanmasının böyük anlamda bir fərqi yoxdu. Günahkarlar AFFA-dadı, səbəb futbolun düzgün idarə olunmamasıdı. İtirilən illər, milyonlar və azarkeşlərin əsəbləridi.
AĞA
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…