Ölkə futbolu
“Qəbələ” əvvəlki gücündə deyil” – Fransalı hücumçu
“Qəbələ”nin bəzi oyunlarına baxıram. Bu komanda əvvəlki gücündə deyil”.
Futbolinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq futbolçusu Baqali Dabo Kipr mətbuatına müsahibəsində deyib.
Kiprdə “Apollon” klubunun formasını geyinmiş fransalı hücumçu bu ölkənin digər təmsilçisi “Omoniya”nın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Qəbələ”ni dəyərləndirib.
35 yaşlı forvard püşkatmanın nikosiyalılar üçün uğurlu olduğunu düşünmür: “Bu, “Omoniya” üçün ən yaxşı püşkatma deyil. Çünki “Qəbələ” avrokubokların qrupuna qayıtmaq istəyən komandadır. Onların təsnifat mərhələlərini necə idarə etdiklərini bilirəm. Bu matçlara çox diqqət yetirirlər. Düzdür, indi komandanın büdcəsi daha aşağıdır. Lakin bu, onların keyfiyyətsiz olması demək deyil”.
Dabo hər iki komandanın baş məşqçisi barədə də müsbət fikirlər səsləndirib: “Düşünürəm ki, yaxşı oyunlar olacaq. Hər iki məşqçini – həm Sofroni Avqustini, həm də Elmar Baxşıyevi tanıyıram. Hər ikisinin baxımlı futbol oynatmağa böyük sevgisi var. Ona görə də, maraqlı matçlar olacağına inanıram. “Omoniya”ya cüzi üstünlük verirəm. Çünki son 3 ildə avrokubokların qruplarında çıxış edib”.
O, Elmar Baxşıyevin ildən-ilə özünü inkişaf etdirdiyini xüsusi vurğulayıb: “Mən “Qəbələ”də olanda Elmar Baxşıyev gənclərdən ibarət komandanın məşqçisi idi. Ardından əsas komandanın köməkçi-məşqçisi vəzifəsini yerinə yetirdi. Baxşıyev komandasının rəngarəng futbol oynamasını istəyir. Onun fəlsəfəsi Sofroni kimidir”.
Hücumçu Azərbaycan və Kipr çempionatlarının müqayisəsindən imtina edib: “Azərbaycan çempionatının səviyyəsi çox yaxşılaşıb. Bu üzdən iki liqanı müqayisə edə bilmərəm”.
Baqali Dabo Azərbaycanda 2016-2018-ci illərdə “Qəbələ”nin, 2018-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 16:01
Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”