Ölkə futbolu
“Qəbələ”nin hücumçusu: “Belə olacağını biz də gözləmirdik”
“Bizim üçün çətin mövsüm olacağını bilirdik. Çünki yenilənmiş bir komandayıq. Amma bu cür olacağını gözləmirdik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov deyib.
O, “Qəbələ”nin bu mövsüm meydana çıxdığı 5 matçda məğlub olmasından danışıb: “Komandada ruh düşkünlüyü var. Amma qısa zamanda bunu aradan qaldıracağıq. Yenə də öz iddiamızı ortaya qoyacağıq. Uzun bir yol komandanı gözləyir. Uğursuzluğu “Omoniya” ilə oyunlardakı məğlubiyyətə bağlamaq olmaz. Bu durumnan cıxmaq üçün komanda şəklində bir olmalıyıq. Hamı özünü qələbə üçün kökləməlidir. “Omoniya” ilə birinci oyunda da göstərdik ki, bir yerdə olanda yaxşı işlər görə bilərik”.
“Konfrans Liqasında “Omoniya” ilə ilk matçdan sonra komanda azarkeşlərdə yaxşı təəssürat yarada bilmişdi, sonra nə oldu” sualına forvard belə cavab verib: “Biz də belə startı gözləmirdik. Amma qarşıda böyük marafon var və yenə də öz iddiamızı ortaya qoyacağıq. Qarşıda “Neftçi” ilə matç var. Meydana qələbə üçün çıxacağıq, oyuna yaxşı hazırlaşıb qələbə qazanmaq istəyirik”.